Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliKart”da ötən il ərzində aparılan əməliyyatların ümumi sayı 4 milyona yaxınlaşıb


«MilliKart» 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələr və fəaliyyət göstəricilərini açıqlayıb. Qurumdan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, geridə qalan 2012-ci il «MilliKart» üçün çox məhsuldar olub və şirkət bir neçə layihəni müvəffəqiyyətlə başa vurub.

Şirkətdən bildirilib ki, əsas layihələrdən olan "Instant issuance" – kartların dərhal verilməsi və "Bonus & Taksit" – hissə-hissə ödəmə və bonus qazanma imkanı verən layihələr uğurla nəticələr verib. Ötən il ərzində aparılan əməliyyatların ümumi sayı 4 milyona yaxınlaşıb, əməliyyatların həcmi isə 650 milyon manata qədər yüksəlib. «MilliKart» şəbəkəsindəki kartların sayı 236000, POS-terminalların sayı 6750, ATM-lərin sayı isə 333 təşkil edir. Partnyor-bankların sayı artmış və hal-hazırda 12-yə çatıb.

Şirkət vurğulayır ki, «MilliKart» güclü proqram və aparat təchizatı ilə qabaqcıl texnologiyaya malik olan regiondakı ən sürətlə inkişaf edən şirkətlərdən biridir. Şirkət informasiya texnologiyalarının, demək olar ki, bütün sahələrində iştirak edir. Kart və əlaqədar texnologiyalarda peşəkar olaraq, "MilliKart" həmçinin texnoloji həllərin və məsləhət xidmətlərinin təchizatı ilə də məşğuldur.

Məlumat üçün bildirək ki, 02 avqust 2003-cü il tarixində Azərbaycan Respublikasında Kart Prosessinq Mərkəzinin yaradılması məqsədi ilə beynəlxalq tender elan olunub.Tenderin qalibi "TietoEnator Financial Solutions"SİA şirkəti elan edilib. 03 yanvar 2005-ci il tarixində "MilliKart" Prosessinq Mərkəzi rəsmi olaraq Azərbaycan Respublikası Milli Bankının departamenti kimi fəaliyyətə başlayıb.

14 iyul 2006-cı il tarixində 18 (on səkkiz) bank tərəfindən nizamnamə kapitalı 4 000 000 manat olmaqla "MilliKart" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Hazırda "MilliKart" MMC-də 13 bank xidmət göstərir.

SEYMUR




22/05/13    Çap et