Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
10 milyondan çox “Galaxy S4” smartfonu satılıb
Cənubi Koreyanın "Samsung" korporasiyası aprelin sonundan etibarən 10 milyon "Galaxy S4" smartfonu satmağa müvəffəq olub. Şirkətin Seulda yerləşən qərargahından verilmiş məlumata əsasən, bu göstəriciyə əvvəlki model – "Galaxy S3" ilə müqayisədə 20 gün daha tez nail olunub.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Samsung" şirkəti yeni smartfonunu artıq ABŞ, Almaniya, Britaniya, Fransa daxil olmaqla 56 ölkədə satır. Cari rübdə cihaz dünyanın 155 ölkəsində satışa çıxarılacaq. "Samsung" sözügedən cihazın tədarükü üçün artıq 327 şirkətlə saziş imzalayıb. Qeyd edək ki, 130 qram çəkisində smartfon 5 düymlü "Full HD" ekran, 13 meqapiksellik kamera, 1.6 QHs takt tezlikli prosessorla təchiz edilib.
Xatırladaq ki, "Samsung" cari ilin birinci rübündə 69,4 milyon smartfon satıb. Nəticədə Cənubi Koreya korporasiyası smartfonların satış həcminə görə liderliyini qoruyub saxlayır.
Qeyd edək ki, korporasiyanın əsas rəqibi Amerikanın "Apple" şirkətinin vəziyyəti heç də yaxşı deyil. Şirkət birinci rübdə yalnız 37,4 milyon smartfon satmağa müvəffəq olub.
Emil Hüseynov
23/05/13 Çap et