Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir “Elsevier” nəşriyyatının rəhbəri ilə görüşüb


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Niderlandın "Elsevier" nəşriyyatının rəhbəri Yonqsunk Çhi ilə görüşüb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət çəkən nazir ölkəmizdə həyata keçirilən islahatlardan, o cümlədən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından söz açıb.

Nazir konsepsiyada əsas istiqamətlər kimi, gələcək inkişaf perspektivlərində elm, təhsil və texnologiyaların əsas rol oynayacağını, Azərbaycanda artıq biliklər iqtisadiyyatına keçidin təməlinin qoyulduğunu, bu aspektdə ölkədə elektron elmin inkişaf etdirilməsi üçün "Elsevier" kimi nüfuzlu, beynəlxalq elektron kitabxanalarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin davamlı yüksəlişindən məmnunluğunu ifadə edən Yonqsunk Çhi da öz növbəsində, dünya elmi nəşriyyat bazarında 25 faizlik çəkiyə, eyni zamanda "ScienceDirect", "Scopus", "SciVal" kimi elmi məlumat bazalarına sahib olduqlarını diqqətə çatdırıb.

Qonaq bildirib ki, dünyanın ən qocaman nəşriyyatı kimi, "Elsevier"in elmi bazası Azərbaycan alimlərinin gələcək elmi fəaliyyətində, apardıqları elmi tədqiqatlarda yüksək informasiya mənbəyi kimi çıxış edə bilər.

Azərbaycanla münasibətlərin bundan sonra da inkişafında maraqlı olduqlarını deyən nəşriyyat rəhbəri əlaqələrin intensivləşməsinin Azərbaycan elminə, o cümlədən ölkəmizdə elektron elmin formalaşmasına mühüm töhfə verə biləcəyini vurğulayıb.




23/05/13    Çap et