Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Finlandiyalılara Azərbaycanın İKT layihələri haqda məlumat verilib


Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın "Yüksək Texnologiyalar Parkı" üzrə apardığı işlər və həyata keçirdiyi İKT layihələri ilə bağlı finlandiyalılara məlumat verib.

Bu barədə "ICTnews.az"-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir müavini Finlandiya Xarici İşlər Nazirliyinin baş direktoru, Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi Terhi Hakkalanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar və bunun üçün lazımi potensial mövcuddur.

X.Xələfov ölkəmizin əldə etdiyi iqtisadi-siyasi uğurlardan, regionda həyata keçirilən nəhəng neft-qaz, eləcə də nəqliyyat və kommunikasiya layihələrindən, investisiya imkanlarından, xarici ölkələrə qoyulan sərmayələrdən söhbət açıb. O, ölkəmizdə qeyri-neft sektorunun, İKT sektorunun inkişaf etdirilməsinin prioritet olduğunu, dövlətin bu sahədə gördüyü işlər, yüksək standartlara cavab verən Sənaye parklarının yaradılması və turizmin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktının regionun inkişafına mənfi təsir göstərdiyini, bununla belə Azərbaycanın son illər sosial-iqtisadi sahədə böyük uğurlar əldə etdiyini bildirən nazir müavini qeyd edib ki, hazırda sərmayələrin qorunmasının, xarici sərmayələr üçün əlverişli şəraitin yaradılmasının, nüfuzlu şirkətlərin ölkəyə cəlb edilməsinin və yüksək texnologiyaların tətbiq edilməsinin ölkəmiz üçün vacib olduğunu qeyd edib.

Terhi Hakkala ölkəsinin Azərbaycanla təkcə energetika sahəsində deyil, eləcə də turizm, kənd təsərrüfatı, səhiyyə, təhsil və iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıqda maraqlı olduğunu və bunun üçün aidiyyəti qurumlar, o cümlədən işgüzar dairələr arasında sıx əməkdaşlığın qurulmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edib.

O, Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu alqışladıqlarını, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi siyasətini yüksək qiymətləndirdiklərini bildirib. Finlandiyalı qonaq, həmçinin hər iki ölkənin müxtəlif nazirlikləri arasında birgə layihələrin həyata keçirilməsini təklif edib və Aİ-nin müxtəlif alətlərindən daha çox faydalanmağı məqbul hesab edir.

Azərbaycanın ÜTT-yə üzv olunmasına tam dəstək verdiklərini qeyd edən baş direktor, ölkəmizin BMT TŞ-dəki təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını bildiriblər.

SEYMUR




24/05/13    Çap et