Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron Təhlükəsizlik Mərkəzi proqram təminatı və avadanlıq təchizatçıları ilə danışıqlara başlayıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyətə başlamağa hazırlaşır.
Mərkəzin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan müvafiq avadanlıqların alınması ilə bağlı dünyanın aparıcı istehsalçı və təchizatçı şirkətləri ilə danışıqlar aparılır.
“Bunlar əsasən informasiya təhlükəsizliyini təmin edən proqram təminatlarının və avadanlıqlarının istehsalçılarıdır. Avadanlıqlar və proqram təminatları mərkəzin fəaliyyətinin əsas hissəsi olan monitorinq sistemi və ümumilikdə mərkəzin texniki təchizatı üçün nəzərdə tutulub. Hazırda biz müxtəlif şirkətlərlə danışıqlar aparırıq və onların məhsulları ilə tanış oluruq ki, mərkəzin texniki bazasının dayanıqlı işini təmin edək”, - deyə o bildirib.
Mart ayında ölkə başçısı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, iki ay ərzində Nazirlər Kabinetinin sərəncamı ilə Mərkəzin işçilərinin say tərkibinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən isə Mərkəzin strukturu və ştat cədvəli təsdiq edilməli idi.
Qeyd edək ki, artıq Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan yer ayrılıb. F. Fərmanovun öncə bildirdiyi məlumata əsasən, ilkin mərhələdə mərkəz informasiya infrastrukturu subyektlərinin intellektual potensialını artırmaq məqsədi ilə maarifləndirmə işini təşkilini, müvafiq saytın, bukletlərin və digər məlumat daşıyıcılarının tərtib edilməsini nəzərdə tutub.
Mərkəzin nəzdində xüsusi “qaynar xətt” də yaradılacaq ki, vətəndaşlar hər hansı problemlə rastlaşdıqda mərkəzə müraciət etsin. Mərkəzin əməkdaşları bilavasitə yaranan problemləri operativ şəkildə aradan qaldıracaq, eyni zamanda, yarana biləcək problemlərinin qarşısını almaq üçün mütəmadi olaraq müəssisələrdə təhlükəsizlik məqsədi ilə audit aparılmasını təmin edəcəklər. Elektron təhlükəsizlik mərkəzinin səlahiyyətləri yalnız fərdi müəssisələri, təhsil sahəsində fəaliyyət göstərən qurumları və s. əhatə edir. Mərkəzin məqsədi kiberhücumların və təhlükələrin mənbəyinin müəyyən edilməsi üzrə monitorinq sisteminin yaradılmasıdır.
Eyni zamanda, mərkəzin əsas fəaliyyət istiqamətləri kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətinin koordinasiyası, informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplamaq və təhlil etmək, elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlamaq, onlara tövsiyələr vermək, ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə RİTN-lə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirmək və kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq etməkdir.
Aynur Vəliyeva
29/05/13 Çap et