Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NDU ilə İTİ arasında növbəti onlayn bağlantı təşkil olunub


Naxçıvan Dövlət Universitetində AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan Muxtar Respublikasında təhsil alan doktorant və dissertantlar üçün informatika fənninin yaz semestri üzrə növbəti onlayn mühazirəsi dinlənilib.

"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən, universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov yüksək ixtisaslı kadrların yetişdirilməsində, dünyanın nüfuzlu universitetləri ilə genişmiqyaslı əlaqələrin qurulmasında, bilik və təcrübə mübadiləsinin aparılmasında distant təhsil sisteminin mühüm rolundan bəhs edib.

Prorektor ulu öndər Heydər Əliyevin təhsil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən qəbul edilən Dövlət proqramlarının, təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsinə, keyfiyyətinin yüksəldilməsinə, dünya təhsil sisteminə inteqrasiyaya xidmət etdiyini qeyd edib. Vurğulanıb ki, bu gün Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir.

Sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, texnika elmləri doktoru Ramiz Alıquliyev "Elmmetriya: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri" mövzusunda mühazirəyə başlayıb. Mühazirəçi elmmetriya anlayışına aydınlıq gətirib, Azərbaycanda bu sahədə mövcud reallıqlardan bəhs edib.

Onlayn bağlantıda həmçinin, doktorant və dissertantları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, dinləyicilər arasında doktorant və dissertantlarla yanaşı, informatika ilə maraqlanan magistr və tələbələr də iştirak ediblər.

CAHANGİR




29/05/13    Çap et