Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yağmurlu və küləkli hava şəraitinin rabitənin işində problem yaratdı
Son günlər hava şəraitinin yağmurlu və küləkli keçməsi bəzi bölgələrdə fəlakətə səbəb olub. Baş vermiş yağışla müşahidə olunan qasırğa nəticəsində Göyçay, Beyləqan və İsmayıllı rayonlarında digər sosial və iqtisadi sahələrlə yanaşı, telekommunikasiya və poçt sahəsi də ciddi ziyan görüb.
Rayonun Telekommunikasiya və Poçt Filialından verilən məlumata görə, rayon rabitəsinə dəymiş ziyanın miqyası böyükdür. Belə ki, dəhşətli dolu və qasırğa nəticəsində Göyçay şəhərində və kəndlərdə rabitə sahəsində bəzi problemlər yaranıb. Göyçay TKQ-nin rəisi İslam Əliyevin verdiyi məlumata görə, qısa müddətdə yağan güclü yağış rayonda sel fəlakətinə səbəb olub.
Fəlakət rayonun kəndlərində daha çox özünü büruzə verib. "Kəndlərlə birləşdirici xətlərimizin yeraltı kabellərlə ötürülməsi səbəbindən kənd-şəhər rabitəsi kəsilməyib. İlkin araşdırmalar zamanı məlum oldu ki, 100-ə yaxın abunəçi xətti qırılıb. Bəzi kiçik zədələri nəzərə almasaq, inzibati binalara elə böyük zərər dəyməyib. Daxili qəza briqada dəstələri 1 nömrəli hazırlıq vəziyyətinə gətirilərək operativ tədbirlərə başladıq. Daxili imkanlar hesabına vətəndaşların telefon və internet xidmətləri operativ şəkildə bərpa edildi"- deyə o bildirib.
Sel suları İsmayıllıda da bir çox problemlər yaradıb. Güclü leysan yağışlar nəticəsində bir çox rabitə dirəkləri aşaraq abunə xətlərində problemlər yaradıb. Rayonun Keyvədi kəndinin birləşdirici xəttində bəzi problemlər yarandığından kənd sakinlərinin rabitədən istifadəsində problemlər yaranıb. İsmayıllı TKQ-nin operativ tədbirlər həyata keçirməsi nəticəsində problem aradan qaldırılıb.
Adıçəkilən kəndin birləşdirici xəttinin optiklə çəkilməsi təmin edilib. Verilən məlumata görə, yaxın vaxtlarda kəndin mərkəzlə rabitəsi optik kabelin üzərinə keçiriləcək. Beyləqanda güclü külək əsməsi və leysan xarakterli yağışın yağması nəticəsində TKQ-nin kənd EATS-lərində və rayon mərkəzində rabitə xətlərinə xeyli ziyan dəyib. Bu barədə məlumatı Beyləqan TKQ-nin rəisi Ramiz Sadıqov verib.
Onun sözlərinə görə, TKQ-nin Baharabad kəndində 4 dirək, Günəşli kəndində 8 dirək, Dünyamalılar kəndində 8 dirək və TPP 10x2 kabeli qırılmış, Aşıqlı-2 kəndində 4 ədəd telefon dirəyi, rayon mərkəzində təzə məhəllə istiqamətində 5 ədəd telefon dirəyi aşmışdır. Dəymiş ziyan TKQ-nin daxili imkanları hesabına bərpa olunmuş, hal-hazırda rabitənin normal işləməsi təmin olunub.
RƏVAN
29/05/13 Çap et