Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA-nın akademik-katibi: “Bu gün informatika təhsilində riyazi biliklərin çəkisi azalıb”
“Etiraf etmək lazımdır ki, bu gün informatika təhsilində riyazi biliklərin çəkisi bir qədər azalıb. Sanki informatika humanitar elmə çevrilməkdədir. Ona görə də qarşımızda informatikanın yüksək pillələrində yüksək keyfiyyətli elmi kadrlar hazırlamaq kimi məsələlər dayanır”.
Bu fikri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və İnformatikanın Aktual Problemləri” adlı beynəlxalq konfransda bildirib.
R.Əliquliyev qeyd edib ki, əsas problem informatika təhsilində nəzəri informatikanın, nəzəri biliklərin zəif tədrisidir:
“Belə halda biz elmi istiqaməti inkişaf etdirə bilmirik. Riyaziyyat informatikanın problemləri ilə, informatika isə riyaziyyatın problemləri ilə məşğul olmalı, həmrəylik təşkil etməlidir. Riyazi biliklərin inkişaf etdirilməsi olduqca önəmlidir. Riyazi bilikləri olmayan informatika yarımçıq informatikadır, qabaqcıl elmi informatikanı Azərbaycana gətirə bilmir. Bu gün riyazi kriptoqrafiya kimi bir sıra qabaqcıl, nəzəri informatikaya söykənən istiqamətlər Azərbaycanda yoxdur”.
AMEA rəsmisinin sözlərinə görə, bu gün Azərbaycanda formalaşan informasiya cəmiyyətinin əsas bazisi informasiya texnologiyalarıdır: “Bu texnologiyaların əsasında riyazi təfəkkür durur”.
Ona görə də bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşmasında bir elm kimi riyazi istiqamətlərin meydana çıxması aktuallaşıb:
“İnformasiya cəmiyyətinin əsasını riyaziyyatla informatikanın həmrəyliyi təşkil edir. İnternet artıq dünyada real dünyanın əkizi olan virtual qalaktika yaradıb. Son zamanlar riyaziyyat və informatika kimi elmi istiqamətlərin tətbiqi nəticəsində humanitar elmlər, ictimai elmlər dərinləşir. Ona görə də bu gün Azərbaycan elmində ən prioritet istiqamətlər riyaziyyat və informatikanın müasir tələblərə cavab verməsi, aktual problemlərlə məşğul olmasıdır”.
Həqiqət İSABALAYEVA
29/05/13 Çap et