Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA strukturunun elmi-innovativ əsaslarla təkmilləşdirilməsi üçün islahatlara start verilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) strukturunun elmi-innovativ əsaslarla təkmilləşdirilməsi üçün islahatlara start verilib. Bu məsələ AMEA Rəyasət Heyətinin son iclasında təkrar müzakirə edilib.

“ICTnews” elektron xəbər xidmətinə islahatlar barədə məlumat verən akademiyadan bildirilib ki, iclasda Azərbaycanda elmi tədqiqatların və nəticələrin hazırkı keyfiyyətinin qiymətləndirilməsi zərurətindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya da toxunub.

Onun sözlərinə görə, respublikada aparılan bütün elmi-tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir. Adıçəkilən sənəddə bu məqsədlə nəzərdə tutulan tədbirlərdən biri kimi, bu gün alimlər ölkədə elmi tədqiqatların səviyyəsini qiymətləndirməyə, bu istiqamətdə müasir mexanizmləri işləyib hazırlamağa çalışırlar. Bütün bu işlər “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” ilə tənzimlənir. Milli Məclisin deputatı, Kibernetika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev isə “Elmi araşdırmaların keyfiyyətini qiymətləndirən ekspert-statistik yanaşma”dan söz açıb.

Sözügedən strategiyaya əsaslanan A.Hacıyev qeyd edib ki, ölkədə mövcud elmi tədqiqat müəssisələrinin elmi nəticələri, onlara ayrılan vəsaitlərin xərclənməsi və s. haqda məlumatlar mütəmadi toplanılmalı, təhlil edilməli və həmin təşkilatların fəaliyyətinin səmərəsini qiymətləndirməklə onların faydalı iş əmsalı müəyyənləşdirilməlidir.

Qaldırılan məsələ istiqamətində son illər Kibernetika İnstitutunda aparılmış tədqiqatların nəticələrinə də toxunan millət vəkili aparılan elmi tədqiqatların keyfiyyətini qiymətləndirmək üçün institutda yeni mexanizmin işlənildiyini bildirib.

Ölkədə ən aktual məsələlərdən biri və iclasın əsas məramı olan Rəyasət Heyətinin mərkəzi aparatında struktur islahatları barədə isə İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev məlumat verib. Onun sözlərinə görə, strategiya və dövlət proqramının qarşıya qoyduğu əsas vəzifələrdən biri elmin idarəetmə sisteminin modernləşdirilməsidir.

Sözügedən məsələ aprelin 24-də AMEA prezidenti, akademik A.Əlizadənin çıxışında qabardılıb və AMEA-nın strukturunun elmi-innovativ əsaslarla təkmilləşdirilməsi vəzifəsi qarşıya qoyulub. Bu vəzifədən irəli gələrək, AMEA Rəyasət Heyəti mərkəzi aparatının mövcud strukturu və ştat cədvəli daxilində müəyyən dəyişikliklər təklif olunub və müzakirə edilib. Nəticədə yeni Elmi-Təşkilat və Analitika İdarəsi, Beynəlxalq Əlaqələr İdarəsi, Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr şöbələri və Ümumi şöbənin təşkili qənaətinə gəlinib. AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İşlər idarəsi, Maliyyə-iqtisad şöbəsi, Uçot və mühasibat hesabatı şöbəsi, I xü¬susi şöbə, II xüsusi şö¬bə, Xarici dillər kafedrası və Azərbaycanda Elmi İrsin Toplanması və Sistem-ləşdirilməsi Mərkəzinin strukturları isə ştat cədvəlinə uyğun olaraq saxlanılır. Professorun çıxışından sonra qərar qəbul edilərək Rəyasət Heyətinin mərkəzi aparatının yeni strukturu təsdiq olunub.

Rəyasət Heyətinin mərkəzi aparatının strukturundakı yeniliklərin ümumən AMEA-da struktur dəyişikliklərinin başlanğıcı olduğunu deyən A.Əlizadənin sözlərinə görə, bu istiqamətdə müvafiq tədbirlər Azərbaycan elminin inkişafına xidmət edir.

Tədbirdə həmçinin AMEA-nın 6 bölməsi – Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, Biologiya və Tibb, Humanitar və İctimai, Aqrar elmlər bölmələrində akademik-katibin müavini, elmi katib və büro üzvü vəzifələrinə yeni təyinatlar təsdiq olunub.

Həqiqət İSABALAYEVA




30/05/13    Çap et