Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir Dünya İqtisadi Forumunun Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak edib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 25-26 may tarixlərində Dünya İqtisadi Forumunun (DİF) İordaniya Haşimilər Krallığında keçirilən DİF-in Yaxın Şərq və Şimali Afrika üzrə tədbirində iştirak edib.
İordaniya kralı II Abdulla, ABŞ dövlət katibi C.Kerri, Fələstin lideri M.Abbas, həmçinin bir sıra ölkələrin sabiq hökumət başçıları, siyasi xadimlər, iqtisadçı ekspertlər, 1000-ə yaxın iştirakçı, 50-dən çox ölkənin parlament, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə nazir Əli Abbasov Azərbaycanda respublika prezidenti İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunda həyata keçirilən islahatlar, regionun inkişafında xüsusi çəkisi olacaq TASİM və "Eurasian Connectivity Alliance" (EuraCA) layihələrindən, eyni zamanda vətəndaşların, ümumilikdə istehlakçıların elektron xidmətlərdən istifadəsi istiqamətində ölkəmizdə əldə olunan uğurlu nəticələrdən söz açıb.
Forum çərçivəsində nazir İordaniyanın informasiya və kommunikasiya texnologiyaları, həmçinin ticarət və sənaye naziri Hatem Hafiz Əl-Halavani, "Jumeirah Group", "Invest Suisse" şirkətlərinin, o cümlədən dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər də keçirib.
Görüşlərdə əsasən ölkəmizə, xüsusən də Yüksək Texnologiyalar Parkına investisiyaların cəlb olunması və Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu "Datamatix" şirkətinin və Dubay Ticarət Palatasının inzibati rəhbərliyi ilə keçirilən görüşlərdə cari ilin 2-5 dekabr tarixlərində Bakıda keçiriləcək "Bakutel-2013" sərgisi çərçivəsində "1-ci Azərbaycan-BƏƏ İKT Forumu"nun təşkili, BƏƏ-nin "Bakutel" sərgisində xüsusi pavilyonla təmin olunması, bu ölkə ilə texnopark, İKT Fondu, İT Universiteti, genişzolaqlı internetin inkişafı sahəsində təcrübə mübadiləsi aparılması kimi məsələlər müzakirə olunub.
30/05/13 Çap et