Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan BTİ-nin Şurasına seçilmək üçün namizədliyini irəli sürüb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına namizədliyini irəli sürüb. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ölkəmiz seçkilərə “C“ regionu ölkələri qrupu üzrə namizəddir.

Bu dəfə namizədliyin dəstəklənməsi üzrə danışıqlar diplomatik qaydada aparılacaq. Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına seçkilər dörd ildə bir dəfə, 5 region üzrə keçirilir. Seçkilərin nəticəsində Şuraya 46 üzv seçilir.

Son dəfə Azərbaycan bu seçkilərdə iştirak edərək səlahiyyətli konfransdan bir neçə gün öncə namizədliyinin dəstəklənməsi üzrə danışıqları aparmışdı, bu dəfə isə danışıqlar ölkənin Xarici İşlər Nazirliyi tərəfindən aparılacaq və öncədən Azərbaycanın hansı ölkələri dəstəkləyəcəyi və Azərbaycanın namizədliyinin hansı ölkələr tərəfindən dəstəklənəcəyi müəyyən ediləcək, çünki bu, daha effektiv metoddur.

Artıq BTİ Azərbaycanın namizədliyini qəbul edib və bu məsələ müzakirə edilir.

Qeyd edək ki, seçkilər 2014-cü ilin 20 oktyabr - 7 noyabr tarixində Koreyanın Pusan şəhərində keçiriləcək səlahiyyətli konfransında baş tutacaq. Məlumat üçün bildirək ki, səlahiyyətli konfrans BTİ-nin gələcək siyasətinin hazırlanması üzrə ali orqanıdır. Konfransda dördillik strateji və maliyyə planları, təşkilatın rəhbərliyi, Şuranın və radioreqlamentlər komitənin üzvləri müəyyən edilir.

Aynur Vəliyeva




31/05/13    Çap et