Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Poçt rabitəsi sahəsində pul əməliyyatları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiyasının qərarı ilə "Poçt rabitəsi sahəsində pul əməliyyatları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilib.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov məlumat verib. Bu Qaydalar "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsi ilə nəzarətin həyata keçirilməsini müəyyən edir. Bu funksiya Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə tapşırılıb.

Sözügedən qayda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən olunması qaydasını tənzimləyir.

Dövlətlərin siyahısı aşağıdakı meyarlardan biri (Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsinin bəyan edilməsi , Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi, yaxud digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətin (ərazinin) narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etməsinin bəyan edilməsi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Beynəlxalq Valyuta Fondu, digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətdə (ərazidə) maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanmasının tələb olunmamasının bəyan edilməsi, Birləşmiş Millətlər Təşkilatı, yaxud digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatlar tərəfindən dövlətdə (ərazidə) terror fəaliyyətinin maliyyələşdirilməsi və ya dəstəklənməsi riskinin yüksək olmasının bəyan edilməsi və s. ) və ya bir neçəsi əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə yaradılıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə yaradılıb.

RƏVAN




31/05/13    Çap et