Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfona quraşdırılmış ilk pul kisəsi
"i-Free" şirkəti, «Tinkoff kredit sistemi» bankı və "MasterCard" smartfona quraşdırılmış NFC pul kisəsi və "Trusted Service Manager" platformasını təqdim edib. "Near Field Communication" texnologiyası ilə təchiz edilmiş pul kisəsi qurğular arasında yaxın məsafədən məlumat mübadiləsinə və məsafədən "Mobile MasterCard PayPass®" kartlarını buraxmaq və yükləmək imkanı verir.
NFC pul kisəsi istifadəçiləri «Tinkoff Kreditnıye Sistemı» bankının "Mobile MasterCard PayPass" ödəniş kartlarından, Rusiyanın bir neçə regional mərkəzinin nəqliyyat kartları və geolokasiyaya əsaslanan kupon servisindən istifadə edə bilərlər. Hazırda bu servislərdən məhdud sayda istifadəçi yararlana bilər, lakin onların kütləvi şəkildə təqdim edilməsi nəzərdə tutulub.
Bu pul kisəsinin fərqi ondadır ki, onun vasitəsi ilə smartfona ödəniş, nəqliyyat və istənilən digər kartları, hazırda oyunlar və əlavələr yükləndiyi kimi yükləmək olar. Satış nöqtələrində kartdan istifadə etmək üçün telefonu "MasterCard PayPass" texnologiyasını dəstəkləyən kontaktsız yoxlama qurğusuna yaxınlaşdırmaq kifayətdir. NFC pul kisəsi "HTC One", "HTC One SV", "Philips W336" üç model smartfonda tətbiq edilib.
«Yaxın aylar ərzində NFC pul kisəsini dəstəkləyən smartfonlar parkı əhəmiyyətli dərəcədə genişlənəcək: bizim hesablamalarımıza görə, bu ilin sonuna kimi Rusiya bazarında 1 milyondan çox bu cür aparat təqdim ediləcək», - deyə "i-Free" şirkəti tərəfindən layihənin rəhbəri Pavel Sokolov bildirib.
Aynur Vəliyeva
31/05/13 Çap et