Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC One” smartfonu "quqlofon"a çevriləcək
“HTC” şirkəti “HTC One” smartfonunun “təmiz” “Android” (4.2.2 versiyası) əməliyyat sistemi ilə işləyən versiyasını təqdim edəcək. Bu barədə şirkətin rəsmi bloqu məlumat yayıb. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sözügedən aparat iyunun 26-da çıxarılacaq.
İlk olaraq qurğunu ABŞ-da satın almaq mümkün olacaq, lakin sonra cihazın tədarük coğrafiyası genişlənəcək. Yenilənmiş “HTC One” smartfonunun 32 QB yaddaş və "sürətli" LTE şəbəkələrini dəstəkləyən modelinin qiyməti 599 dollardır. "Təmiz" “Android” adı altında tərtibatçının – “Google” şirkətinin təqdim etdiyi əməliyyat sistemi başa düşülür.
Smartfon istehsalçıları adətən aparatlara öz örtüklərini quraşdıraraq cihazın interfeysini dəyişdirirlər. “HTC” şirkəti də aparatlarına “Sense” adlanan örtük quraşdırır. "Təmiz" ƏS ilə işləyən smartfonların əsas üstünlüklərindən biri onlarda yeniləmə prosesinin vaxtında baş verməsidir.
Belə ki, “Google” şirkəti “Android” platformasının yeni versiyasını çıxardıqda sözügedən smartfonlarda yeniləmə prosesi ilk olaraq baş verir.
Xatırladaq ki, “HTC One” aparatı 2013-cü ilin fevralında təqdim edilib. Smartfon dördnüvəli prosessor və 1920x1080 nöqtə təsvir ölçülü 4,7 düymlü ekranla təchiz edilib.
Emil Hüseynov
31/05/13 Çap et