Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 14% artıb


Azərbaycanda “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı son bir il ərzində 14% artıb. “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata əsasən, artıq layihə çərçivəsində 21250 ədəd xalq kompüteri satılıb.

Bu gün Azərbaycanda “Xalq kompüteri” layihəsinin təkliflər paketinə dünya lideri “HP” şirkətinin istehsalı olan şəxsi kompüterlər daxildir və istifadəçilər layihənin internet saytında (http://xalqkomp.az/Models.html) təqdim edilmiş istənilən həldən birini seçə bilər.

“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim edilən kompüterlər bazar qiymətindən 25-40% daha ucuz qiymətə 12 ay müddətinə faizsiz, möhlətlə satılır. Güzəştli şərtlərlə kompüterləri orta məktəb müəllimləri və şagirdləri, ali təhsil müəssisələrinin müəllimləri və tələbələri, dövlət qulluqçuları, həmçinin səhiyyə sahəsinin işçiləri əldə edə bilər.

Layihə "Azərpoçt" Dövlət Müəssisəsi və “HP”-nin və “Microsoft”un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Regionlarda yaşayan potensial kompüter istifadəçiləri istənilən kompüter modelini layihənin saytından sifariş edərək “Azərpoçt”un şəbəkəsi vasitəsi ilə onları şəhərə gəlmədən ala bilərlər.

Layihə çərçivəsində kompüter alanlara güzəştli şərtlərlə “Microsoft” şirkətinin lisenziyalı proqram təminatları təqdim edilir. İstifadəçilər öz istəyi ilə əlavə olaraq “DrWEB” antivirus proqram təminatı, ADSL modemləri və “Azercell” mobil rabitə operatorunun DATA-kartı da əldə edə bilərlər.

Aynur Vəliyeva




31/05/13    Çap et