Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beyləqanda elektron ATS-lərin sayı artırılır


Beyləqan informasiya və kommunikasiya texnologiyaları yeni inkişaf mərhələsinə qədəm qoyub. "Aztelekom"İB-nin dəstəyi ilə rayon rabitəsinin tam modern şəkildə qurulması və şəbəkənin müasir tələblərə cavab verən səviyyədə inkişaf etdirilməsi üçün kompleks tədbirlərə başlanılıb.

Beyləqan TKQ-nin rəisi Ramiz Sadıqovun verdiyi məlumata görə, rayon üzrə 37 kənd, 2 şəhər elektron ATS-i fəaliyyət göstərir və rayonun bütün yaşayış məntəqələri tam telefonlaşıb. Bu il şəhər və kənd üzrə 60-dan çox telefon çəkilib. Qovşaq üzrə montaj tutumu 11542 ədəd, 10992 ədəd istifadə olunur. 550 ədəd boş yer vardır ki, texniki imkanlıq yarandıqca, əhalinin müraciəti əsasında, həmin boş yerlər abonentlərin istifadəsinə verilir.

Əhalinin genişzolaqlı sürətli internetə olan tələbatı əsasında 1333 portluq DSLAM avadanlığı quraşdırılmış, abonentlərin müraciətinə uyğun olaraq 1040 port istifadəyə verilib. Qovşaqda yaradılan Marketinq qrupu əhali arasında genişzolaqlı internet xidmətinin üstünlükləri və keyfiyyəti haqqında əhalini məlumatlandırır.

Belə ki, maarifləndirmə işlərinin aparılması sayəsində qısa zaman ərzində Dünyamalılar-2 kəndində 8 port, Tatallar kəndində 8 port yeni DSLAM quraşdırılmış, Yuxarı Aran, Əlinəzərli, Yuxarı Çəmənli, Eyvazallar və Xalaç kəndlərində əhalinin tələbatına uyğun olaraq əlavə portlar qoyularaq genişləndirmə işləri aparılıb.

Xocavənd EATS xətt təsərrüfatında genişləndirmə işləri aparılaraq 30 nömrə artırılıb. Aşıqlı-2 EATS-də əhalinin tələbatı əsasında xətt təsərrüfatında genişləndirmə işləri aparılaraq 8 nömrə artırılıb. Telefon xətlərində cari təmir işləri aparılaraq bu istiqamətdə tədbirlər davam etdirilir. Rabitənin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türklər, Gödəklər, Mərkəz-2 EATS-lərinə yeni akkumulyatorlar qoyulub. FO kabellərinin ölçü nişangahları bərkidilib. Kənd EATS-lərinin xətt təsərrüfatında köhnəlmiş rabitə dirəklərinə 105 ədəd dəmir beton calaq bağlanıb.

Beyləqan TKQ-də Əməyin Mühafizə və Təhlükəsizlik Texnikası məsələləri ilə əlaqədar "Aztelekom" İB-nin TKQ-lərində bina və qurğuların mühafizəsi təhlükəsiz iş rejiminin və əməyin mühafizəsinin gücləndirilməsinə dair "Tədbirlər Planı"nın yerinə yetirilməsi ilə əlaqədar bir çox işlər görülüb. Belə ki, bina və EATS obyektlərinin mühafizəsini gücləndirmək məqsədilə TKQ-nin inzibati binasında müşahidə kameraları quraşdırılmış, buraxılış qaydalarına ciddi riayət olunması təmin olunub.

Təhlükəsizlik texnikasına dair işlər gücləndirilmiş, rabitə xətlərində elektrik kəsişmələrinin aradan qaldırılması məqsədilə Beyləqan Elektrik şəbəkəsinin nümayəndələri ilə birgə araşdırmalar aparılmış, kəsişmələrin aradan qaldırılması üçün ciddi tədbirlər görülüb. Yanğından mühafizə işləri ilə əlaqədar Elektron ATS-lərdə xəbərdarlıq siqnalizasiyası quraşdırılıb. Bütün elektron ATS binaları yanğından mühafizə balonları ilə təmin olunub.

RƏVAN




01/06/13    Çap et