Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının Milli Metrologiya İnstitutu arasında memorandum imzalanıb
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ilə Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutu (UME) arasında İstanbul şəhərində Anlaşma memorandumu imzalanıb.
SMPDK-nin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sənədi komitə adından Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov və Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutunun (UME) direktoru vəzifəsini icra edən Dr. Fatih Üstüner imzalayıblar.
Anlaşma memorandumuna əsasən, hər iki ölkənin müvafiq qurumları metrologiya sahəsində elmi və texniki əməkdaşlığı davam etdirmək məqsədilə bu sahədə normativ-texniki sənədlərin hazırlanması, metrologiya sahəsində elmi-texniki bilik mübadiləsi və elmi-texniki imkanların genişləndirilməsi, fiziki kəmiyyətlərin milli (dövlət) etalonlarının inkişafı, təkmilləşdirilməsi və tutuşdurmaları üzrə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Səfər çərçivəsində Komitə yanında Dövlət Metrologiya Xidmətinin Bakı şəhərində tikilməkdə olan yeni inzibati-laboratoriya binasının tikinti layihəsinin UME tərəfindən metroloji ekspertizasının aparılması ilə bağlı razılıq əldə olunub. Dövlət Metrologiya Xidmətinin nümayəndələri UME-nin etalon laboratoriyaları ilə də yaxından tanış olublar.
HƏQİQƏT
03/06/13 Çap et