Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda daxil olan trafikin orta sürəti 4.10 Mbit/s təşkil edir
"Ookla" şirkəti "Speedtest.net" xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.10 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.06 Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 4.49 Mbit/s, Sumqayıt üzrə isə 2,48 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il mayın 4-dən iyunun 2-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 345485 unikal İP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 3 pillə irəliləyərək 117-ci yerdə qərarlaşıb.
Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (46.68 Mbit/s), Andorra (37.42 Mbit/s) və Tayvan (36.72 Mbit/s) qərarlaşıb. Xaric olan trafikin orta sürəti 1.72 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 2 pillə geriləyərək 112-ci yerdə qərarlaşıb.
Bakı üzrə bu göstərici 1,96 Mbit/s, Sumqayıt üzrə isə 0,53 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (32.72 Mbit/s), Honqkonq (29.90 Mbit/s) və Litva (29.28 Mbit/s) yer alıb.
Emil Hüseynov
04/06/13 Çap et