Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Siyasi və iqtisadi transformasiyanın Azərbaycan modeli”


Misirdə geniş oxucu auditoriyasına malik "Əl-Cumhuriyyə" qəzetində səfir Şahin Abdullayevin "Siyasi və iqtisadi transformasiyanın Azərbaycan modeli" başlıqlı məqaləsi dərc edilib.

Məqalənin müəllifi Azərbaycanın 1991-ci il oktyabrın 18-də "Müstəqillik Bəyannaməsi"ni imzalamaqla 1918-1920-ci illərdə Şərqin ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi olaraq, dövlət müstəqilliyini bərpa etdiyini oxucuların diqqətinə çatdırıb.

Məqalədə müstəqilliyinin ilk illərində ölkəmizin üzləşdiyi böyük siyasi və iqtisadi problemlərdən bəhs edilmiş, bu problemlərin ən ağrılısının Ermənistanın Azərbaycan ərazilərinə təcavüzünün olduğu vurğulanıb. Həmin illərdə Azərbaycanın qarşı-qarşıya qaldığı mürəkkəb böhranlı vəziyyətdən çıxa biləcəyinin sual altında qaldığını xatırladan səfir xalqımızın çətinliklə qazandığı müstəqilliyi nəinki qoruyub saxladığını, hətta çox qısa bir müddətdə böyük tərəqqiyə nail olduğunu və demokratik inkişafı təmin etdiyini bildirib.

Azərbaycanın Avratlantik məkana inteqrasiyasından, ATƏT-in və Avropa Şurasının üzvü olduğundan söhbət açan Ş.Abdullayev ölkəmizin hər iki təşkilatın prinsip və dəyərlərinə bundan sonra da sadiq qalacağını bəyan edib. Səfir məqaləsində, həmçinin demokratik tərəqqiyə və güclü iqtisadiyyata söykənən Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü diqqətə çatdırmış, müxtəlif dinlərə və etiqada, millətlərə mənsub insanların sülh şəraitində birgə yaşadıqları tolerant ölkə olduğundan bəhs edib.

Ş.Abdullayev daha sonra Azərbaycan-Misir əlaqələrindən söhbət açaraq, həmin əlaqələrin 20 illik bir dövrü əhatə etdiyini yada salmış, ölkələrimizin neft-qaz, neft-kimya, əczaçılıq, turizm, İKT və digər sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib. Məqalədə inşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin Azərbaycanın Yaxın Şərq və Afrika bazarlarına, o cümlədən Misir bazarına çıxışı üçün yaxşı fürsət yaradacağı vurğulanıb.




05/06/13    Çap et