Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Macarıstan və Azərbaycana həsr olunan birgə poçt markası buraxılıb


Macarıstan və Azərbaycana həsr olunan birgə poçt markası buraxılıb. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.

O bildirib ki, Macarıstan tərəfinin təşəbbüsü ilə hazırlanan marka iki ölkə arasında olan əməkdaşlığın, dostluğun bariz nümunəsidir. Sözügedən markanın Belarusda hazırlandığını vurğulayan N.Məmmədov qeyd edib ki, nazir Əli Abbasovun əmri ilə markanın dövriyyəyə buraxılması təsdiq olunub:

«Poçt markasının Macarıstanda təqdimat mərasimi iyun ayının 15-də Azərbaycanın bu ölkədəki səfirliyində təşkil olunacaq. Burada səfirliklə bərabər, macar poçtunun nümayəndələri, eyni zamanda Macarıstanın diplomatik korpusunun əməkdaşları da iştirak edəcəklər. Qeyd edim ki, markanın Azərbaycanda artıq təqdimatı baş tutub».

N.Məmmədovun sözlərinə görə, markada hər iki ölkənin xalçalarının rəsmləri və naxışları əks olunub. O qeyd edib ki, burada Azərbaycana aid olan və Macarıstan muzeyində saxlanılan qədim xalçanın eskizini görmək mümkündür:

«Markanın qiyməti 60 qəpikdir. Ondan əsasən beynəlxalq poçt göndərişlərində istifadə olunacaq. Eyni zamanda marka filateliya sərgilərində də nümayiş etdirilməklə hər iki ölkə arasında olan əlaqələrin inkişaf səviyyəsi barədə iştirakçılara məlumat verəcək».

SEYMUR




05/06/13    Çap et