Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin kibercasusları 40 ölkənin məxfi məlumatlarını ələ keçiriblər


"Kasperski Laboratoriyası" yeni casus şəbəkəsi aşkar edib. Dünyanın 40 ölkəsində fəaliyyət göstərən 350-dən çox dövlət təşkilatı və firma sözügedən şəbəkənin "qurbanı" olub. Kibercinayətkarlar məsafədən idarə olunan kompüterləri gizli şəkildə izləyən "NetTraveler" proqramından istifadə ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, hücum obyektlərinin sırasına səfirlik və diplomatlar (32%), hökumət təşkilatları (19 %), hərbi strukturlar (9%), fərdi istifadəçilər (11%), maliyyə (3%) və elmi tədqiqat müəssisələri (4%), KİV (1%), İT şirkətləri (3%), həmçinin siyasi və ictimai təşkilatlar (3%) daxildir. "NetTraveler" casus şəbəkəsi, ehtimal ki, hələ 2004-cü ildə öz fəaliyyətinə başlayıb, lakin tədqiqatçılar tərəfindən aşkar edilmiş virus nümunələrinin əksəriyyəti 2010-2013-cü illərə aiddir.

"NetTraveler" proqramı ilə yoluxdurulmuş ən çox kompüter Monqolustan, Hindistan və Rusiyada qeydə alınıb. Həmçinin Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Cənubi Koreya, İspaniya, Almaniya, ABŞ, Kanada, Böyük Britaniya, Çili, Mərakeş, Yunanıstan, Belçika, Avstriya, Ukrayna, Litva, Belarus, Avstraliya, Honkonq, Yaponiya, İran, Türkiyə, Tailand, Qətər və İordaniya sözügedən proqramın "qurban"ları olub.

Ekspertlər aydınlaşdırıblar ki, "NetTraveler"in fəaliyyəti arxasında dayanan kibercinayətkarları daha çox kosmos, nanotexnologiya, energetika, həmçinin nüvə, lazer, tibb və kommunikasiya sahəsində tədqiqatlar maraqlandırıb.

Emil Hüseynov




05/06/13    Çap et