Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya ehtiyatlarında böhtan və təhqirə görə cəza nəzərdə tutulan qanun dəyişikliyi qüvvəyə mindi


İnternetdə, informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cəza nəzərdə tutulan qanun dəyişikliyi qüvvəyə minib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə Milli Məclis tərəfindən edilmiş dəyişiklik təsdiqlənib.

Sözügedən dəyişiklik layihəsi Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olub. Burada böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma olacaq.

SEYMUR




05/06/13    Çap et