Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon bazarının həcmi artır


"International Data Corporation" (IDC) analitikləri tərəfindən tərtib edilən "Worldwide Quarterly Mobile Phone Tracker" rüblük hesabatına əsasən, 2012-ci ilin yekununa görə, dünyada smartfon tədarüklərinin həcmi 722,5 milyon olub. Cari ildə onların sayı 958,8 milyon təşkil edəcək ki, nəticədə smartfonlar mobil telefon bazarının ümumi həcminin 52.2%-ni tutacaq.

Ekspertlər qeyd ediblər ki, ilk dəfə smartfonların illik nüfuzetmə səviyyəsi 50%-i ötəcək. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə mobil ötürülmə və funksional qurğulara artan tələbatla əlaqədar yaxın illərdə smartfonların populyarlığı artacaq. 2013-cü ildə istehsal edilmiş smartfonların 64.8%-i inkişaf etməkdə olan regionların payına düşəcək, halbuki üç il əvvəl bu göstərici 43,1% olub. "2013-cü il smartfon bazarı üçün dönüş ili olacaq – "IDC"-nin mobil bazarlar üzrə tədqiqat qrupunun elmi rəhbəri Ramon Lamas deyib.

Əgər həm adi telefonlar, həm də smartfonlar təklif edən şirkətləri nəzərdən keçirsək, məlum olur ki, onların əksəriyyəti öz çeşidini smartfon tərəfə keçirir". Smartfonların inkişaf etməkdə olan regionlarda geniş yayılması onların orta satış qiymətinin azalması ilə nəticələnib: 2011-ci ildə 443 dollardan 2012-ci ildə 407 dollara və 2013-cü ildə 372 dollara qədər azalıb.

Analitiklərin fikrincə, bu tendensiya saxlanılacaq və 2017-ci il orta qiymət göstəricisi 309 dollar olacaq. 2013-cü ilin birinci rübündə 418,6 milyon mobil qurğu tədarük edilib. Onların 51,6%-ni (216,2 milyon) smartfonlar təşkil edib.

"Samsung" yenidən ən böyük smartfon istehsalçısı olub. Şirkət bu ilin birinci rübündə 71 milyon qurğu tədarük edib ki, bu da tədarük edilmiş bütün smartfonların 32,7%-i deməkdir.

Emil Hüseynov




05/06/13    Çap et