Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans işə başlayıb
Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları –2013" mövzusunda Beynəlxalq konfrans işə başlayıb.
Konfransda dünyanın 37 ölkəsindən 300-dən çox mütəxəssis iştirak edir. Tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasov bildirib ki, azərbaycanlı alimə həsr olunan bu cür irimiqyaslı beynəlxalq elmi tədbirin Bakıda ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, fotosintezin tədqiqi sahəsində onun və yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlıdır.
Azərbaycanın paytaxtının artıq bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini deyən nazir, bunun ölkəmizin daim artmaqda olan iqtisadi gücü ilə bağlı olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu, həm də Azərbaycanın beynəlxalq və regional problemlərin həllinə verdiyi töhfələr, digər tərəfdən isə ölkəmizdə biliklərə əsaslanan yeni bir dövrün başlanması ilə əlaqədardır.
O, bildirib ki, Azərbaycan həm regionda, həm də dünyada ərzaq, enerji təhlükəsizliyi kimi böyük problemlərin həllinə öz töhfələrini verməkdədir.
Nazir deyib: "Əslində fotosintez prosesinə kənardan baxanda sadə bir formul, kiçik proses kimi görünür. Lakin fotosintezlə bağlı uzun müddətdir ki, tədqiqatlar həyata keçirilsə də, onun fundamental problemləri hələ də qalır. Bu konfransın keçirilməsi də mövcud problemlərin həllinə yönəlmişdir. Konfransda fotosintez prosesinin bütün istiqamətləri, onun praktiki təsiri, kənd təsərrüfatında tətbiqi, həmçinin hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə geniş müzakirələr aparılacaqdır".
Ölkəmizdə dövlət tərəfindən elm adamlarına, eləcə də elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət yetirildiyi də qeyd olunub. Bildirilmişdir ki, bu konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında mühüm rol oynayacaq, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına güclü təkan verəcəkdir.
Ə.Abbasov Azərbaycan biologiya elminin inkişafında akademik Cəlal Əliyevin müstəsna xidmətlərindən danışmış, elmin bu sahəsində yeni istiqamətlərin yaranmasının məhz onun adı ilə bağlı olduğunu vurğulayıb.
Nazir çıxışında akademik Cəlal Əliyevin 50 ildən çox elmi fəaliyyəti dövründə nəinki Azərbaycan elminin inkişafına, eləcə də keçmiş SSRİ və bir çox dünya ölkələrinin elminə əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, akademik Cəlal Əliyevin fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.
Eyni zamanda, Cəlal Əliyevin biologiya elmində böyük bir məktəb yaratdığı, onun yetirmələrinin dünyanın ən aparıcı elmi-tədqiqat müəssisələrində çalışdığı bildirilib.
Akademik Cəlal Əliyevin yeni buğda sortlarının yaradılmasında rolundan danışılmış və bununla Azərbaycanda çörək probleminin həll olunduğu bildirilib.
Nazir Əli Abbasov akademik Cəlal Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamının mətnini oxuyub. Yubilyara "Şərəf" ordeni təqdim olunub.
Akademik Cəlal Əliyev çıxışında bildirib ki Prezident İlham Əliyev, Azərbaycanda elmin inkişafına, intellektual sahələrə xüsusi diqqət göstərir. Bu da öz bəhrəsini verməkdədir. O demişdir ki, iqtisadiyyatı yüksək olan ölkələrdə inkişaf etmiş elm mövcuddur.
Akademik Cəlal Əliyev göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən qonaqlar da akademik Cəlal Əliyevin xidmətlərindən danışmış, bu görkəmli alimi həm də böyük şəxsiyyət, mübariz və cəsarətli insan kimi xarakterizə ediblər.
Akademik Cəlal Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Beynəlxalq konfrans iyunun 9-dək davam edəcəkdir.
05/06/13 Çap et