Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlar ABŞ-ın xüsusi xidmət orqanlarına məlumat ötürür?!


“Apple”-ın rəsmi nümayəndəsi Stiven Doulinq deyib ki, şirkət ABŞ-ın xüsusi xidmət orqanlarına istifadəçilər haqqında informasiya vermir. O bildirib ki, istifadəçilərimiz haqqında məlumat tələb edən istənilən federal qurum ilk əvvəl məhkəmədən order almalıdır.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Google” rəsmiləri bildirib ki, şirkət istifadəçilərinin təhlükəsizlik məsələlərinə ciddi yanaşır və məlumat bazasını yalnız qanuna müvafiq hallarda dövlətə təqdim edir". “Facebook” və “Yahoo!” şirkətləri də müvafiq bəyanatla çıxış ediblər.

"Dövlət qurumlarının serverlərimizə giriş imkanı yoxdur" – “Facebook”un təhlükəsizlik xidmətinin direktoru Cozef Sallivan deyib. Onun sözlərinə görə, konkret insan haqqında məlumat təqdim etməklə bağlı sorğu alan şirkət onları qanunlara uyğun olub-olmamaq baxımından diqqətlə araşdırır və yalnız qanunvericilik bunu tələb etdiyi hallarda informasiyanı verir".

Xatırladaq ki, ötən gün "Vaşinqton post" qəzetinin saytında dərc edilmiş məqalədə yazılıb ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi və FTB artıq bir neçə ildir 9 ən böyük şirkətin (“Microsoft”, “Yahoo”, “Google”, “Facebook”, “PalTalk”, “AOL”, “Skype”, “YouTube”, “Apple”) serverlərinə birbaşa giriş imkanına malikdir. Məqalədə qeyd edilir ki, xüsusi xidmət orqanları “PRISM” adlanan məxfi proqram çərçivəsində audio, video fayl, foto, elektron yazışma, sənəd və istifadəçilərin bu və ya digər saytlara daxil olması haqqında məlumatları toplayırlar.

Nəticədə xüsusi xidmət orqanları müxtəlif insanların kontaktlarını və hərəkətlərini izləmək imkanı əldə edirlər.

Emil Hüseynov




07/06/13    Çap et