Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Köhnə smartfonlar ağacların doğranmasının qarşısını alacaq


Amerikanın "Rainforest Connection" qeyri-kommersiya təşkilatı İndoneziyanın yağış meşələrinin qeyri-qanuni doğranmadan qorunması ilə bağlı layihə elan edib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, təşkilat ağacların doğrandığı meşələrdə mişarın səsinə reaksiya verən və dərhal bu barədə meşə xidmətlərini xəbərdar edən səsli sensorlar quraşdırmağı təklif edib.

Sensor kimi "Android" platforması ilə işləyən smartfonlardan istifadə təklif edilir. İyunda start veriləcək pilot layihədə yeni smartfonlar tətbiq ediləcək. Lakin təşkilat gələcəkdə istifadəçilərin bağışladığı və istifadə edilmiş aparatları tətbiq etmək istəyir.

Aparatlara xüsusi proqram təminatı quraşdırılacaq və onlar ağaclara bərkidiləcək. "Rainforest Connection" təşkilatı əmin edir ki, hər bir telefon 500 metr radiusda ərazini "dinləmək bacarığı"na malikdir.

Qurğunun mikrofonu səs-küyü aşkar etmək üçün həmişə işlək vəziyyətdə olacaq. Smartfon günəş batareyası ilə enerji toplayacaq. Xatırladaq ki, İndoneziyanın yağış meşələri sahəsinə görə Amazon meşələri və Konqo çay hövzəsindən sonra üçüncüdür.

Emil Hüseynov




08/06/13    Çap et