Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağ Ev”də nə baş verir?


“Ağ Ev” təsdiqləyib ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məxfi proqramları haqqında informasiya sızması faktı üzrə araşdırmaya başlanılıb. "Sözügedən məsələ üzrə araşdırma aparılır və bu səbəbdən mən onu müzakirə edə bilmərəm" – “Ağ Ev”in mətbuat katibi Cey Karni deyib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bazar günü Britaniyanın "Qardian" qəzetinin ardınca "Vaşinqton post" qəzeti yazıb ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məxfi proqramları haqqında onlara MKİ-nin sabiq texniki mütəxəssisi 29 yaşlı Edvard Snouden məlumat verib. Son zamanlar o, “Booz Allen Hamilton” konsultativ firmasının əməkdaşı idi və firma onu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin Havay adasında yerləşən ofisinə müqavilə üzrə işləməyə göndərmişdi.

Təxminən üç həftə əvvəl Snouden məzuniyyət alaraq məxfi sənədlərin surətlərini götürüb Honkonqa gedib. “Ağ Ev” Snoudenin dediklərinə münasibət bildirməkdən imtina edib. Ötən həftə mətbuatda yer almış məlumatlara əsasən, FTB və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin “PRISM” kod adı altında məxfi proqramla internet şirkət və sosial şəbəkələrin istifadəçilərini izləyir.

Bu məlumatları Edvard Snouden mətbuata verib. Mətbuatda yer almış məlumatlara əsasən, FTB və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi artıq bir neçə ildir "Microsoft”, "Yahoo!”, "Google”, "Facebook”, "Skype”, "YouTube”, "PalTalk”, "AOL”, "Apple” şirkətlərinin serverlərinə birbaşa girişə malikdir. ABŞ-ın xüsusi xidmət orqanları audio və videofayllar, foto, elektron yazışma, sənəd və istifadəçilərin bu və ya digər saytlara qoşulmaları haqqında məlumatları toplayır.

Emil Hüseynov




11/06/13    Çap et