Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“GoMap.az” elektron xəritə proqramını dörd gün ərzində 72 ölkənin “Apple” istifadəçisi yüklədi


“iPhone” və “iPad” istifadəçiləri üçün Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “GoMap.az” elektron xəritəsinin proqramı işlənib hazırlanıb.

“SİNAM” şirkətinin layihə rəhbəri Xaqani Nəsibovun verdiyi məlumata görə, artıq “App Store”-da yüklənmə üçün yerləşdirilmiş proqram azərbaycanlı istifadəçilər tərəfindən yüklənmələrin sayına görə Azərbaycanda ilk beşliyə daxildir, naviqasiya proqramları arasında isə ilk yeri tutur. “App Store”-da yerləşdirildiyi andan dörd gün ərzində proqramı dünyanın 72 ölkəsinin istifadəçiləri yükləyib.

Proqram istifadəçinin yerini müəyyənləşdirməyə; istənilən nöqtəyə marşrut çəkməyə; istifadəçinin yaxınlığında yerləşən və ümumiyyətlə, bütün Azərbaycan və Gürcüstan ərazisi üzrə obyektlərin kateqoriyalar üzrə axtarışını təmin etməyə; “GoMap.az” xəritəsinə yeni obyekti əlavə etməyə və s. bu kimi addımları atmağa imkan verir.

Qeyd etmək lazımdır ki, “GoMap.az” mobil istifadəçilərə xidmətlərin göstərilməsi üzrə məqsədyönlü strategiyanı həyata keçirir. Misal üçün, “Apple”, “Samsung”, “Sony”, “BlackBerry” və “HTC” kimi aparıcı smartfon istehsalçıları üçün saytın mobil versiyası “BakuTel-2012” 18-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində təqdim olunmuşdu.

Qeyd etmək lazımdır ki, hazırda “GoMap.az” Azərbaycan və Gürcüstanın ərazilərini əhatə edir və dünyada mövcud olan analoqlar arasında ən ətraflı xəritədir. Hazırda “GoMap.az” xəritəsi 8000-dən çox yaşayış məntəqəsini (onlardan ünvanlı məlumatlarla 80 şəhər və qəsəbə), 5000-dən çox mədəni-tarixi abidəni, 970 000-dən çox bina və tikililəri, 94 000 obyekti, 60 477 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla) və s. daxil edir.

“GoMap.az” xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları bazasında yaradılmış ilk resurslardan biridir. Hazırda “GoMap.az” servisləri “bulud” texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

RƏVAN




12/06/13    Çap et