Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT RİTN-lə İKT strategiyasının daha geniş yayılması istiqamətində işləri davam etdirir
"BMT Azərbaycanda bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Elmi dairələrlə fikir mübadiləsinin aparılması bu sahədə biliklərin ortaya çıxarılmasında mühüm rol oynayır. 2015-ci ildən sonrakı dövrdə inkişafın gündəliyinə qlobal iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin deqradasiyası, səhiyyə riskləri kimi həyati əhəmiyyətli problemlərin də daxil edilməsi müzakirələrdə əksini tapmışdır. Bu, ilk növbədə yoxsulluğun kəskin azaldılması, insanların rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsi, müasirləşdirilmiş təhsil və səhiyyə müəssisələrinin yaradılması məqsədlərini daşımalıdır".
Bu sözləri AzərTAc-a müsahibəsində BMT İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Bernardus Broek bildirib.
O həmçinin deyib ki, BMT Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə informasiya-kommunikasiya texnologiyaları strategiyasının daha geniş yayılması istiqamətində işlərini davam etdirir.
"Bundan başqa, UNİCEF uşaqlarla bağlı layihələr həyata keçirir. Azərbaycan bu problemlərin həlli ilə indidən ciddi məşğuldur. Böyük uğurlara nail olmuşdur. Azərbaycan kimi iqtisadiyyatı gündən-günə güclənən ölkələrdə təhsil, səhiyyə və digər sahələrdə keyfiyyətin artırılması mühüm addımlardan biridir".
13/06/13 Çap et