Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” heşteq sistemini tətbiq edir


“Facebook” sosial şəbəkələrin hazırda ən məşhur atributlarından biri olan heşteqləri təqdim edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, heşteqlər “Facebook”da, “Twitter” və ya “Instagram”da olduğu kimi, istifadəçilər tərəfindən müzakirə edilən mövzuların identifikatoru rolunu oynayır və məlumat axtarışını asanlaşdırırlar. “Facebook”un rəsmi bloqunda bildirilir ki, istifadəçilər heşteqləri hiper istinad kimi görəcəklər və onlara daxil olaraq mövzuya uyğun müzakirələri görmək olacaq.

"Heşteqlər – istifadəçilərin həmin an müzakirə etdikləri mövzu axtarışını asanlaşdırmaqda ilk addımdır", - “Facebook”un məlumatında bildirilir. “Facebook” hazırda heşteqlərin dəstəklənməsi xidmətlərini məhdud şəkildə tətbiq edir, milyardlarla istifadəçi üçün onlar yaxın həftələr ərzində təqdim ediləcək.

Müstəqil analitiklər əmindirlər ki, “Facebook” tərəfindən heşteqlərin tətbiqi ilk növbədə “Twitter” ilə reklam büdcələri üzərində rəqabətdir. Onlar eyni zamanda bildirirlər ki, “Twitter” funksionalı mesajların yazılışı üçün məhduddur, buna görə də mənalı heşteqlərin istifadəsi məntiqli və izahlıdır. “Facebook” mesajlarının həcminə məhdudiyyət yoxdur, axtarış sistemi də burada bütün şəbəkədə işləyir, buna görə də heşteqlərin mənası heç də şübhəsiz deyil.

Rəqabət faktorunu istisna etsək, ola bilsin ki, bu addım düşünülərək atılıb, çünki “Facebook” istifadəçilərinin əksəriyyəti həm də “Twitter” ilə işləyirlər, buna görə də onlar üçün “Twitter” heşteqləri doğma mühitdir.

Aynur Vəliyeva




13/06/13    Çap et