Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniya proqram təminatının patentləşdirilməsini məhdudlaşdırır


Almaniya parlamenti proqram təminatına patentlərin məhdudlaşdırılması haqda qərar qəbul edib. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, parlament üzvlərinin son ərizəsində bildirilib ki, ölkə hökumətinin kompüter proqramlarına patentlərin verilməsini məhdudlaşdırmaq üçün müvafiq addımlar atılıb.

Qəbul edilmiş qərara əsasən, proqram təminatı nadir hallarda patentləşdirilməlidir, müvafiq patentləri saxlayanlar isə mövcud softveyr həllərini hüquqi təqiblərə məruz qoymamalıdırlar. Burada yeganə istisna mexaniki və elektromaqnit komponentləri əvəz edən proqramlardır. Bundan başqa, ölkə parlamenti patentlərin azad proqram təminatlarını yayması üçün hüquqi məhdudiyyət olmaması haqda qərar qəbul edib. "Bu, müşahidə olunan patent hədsizliyinin qarşısının alınması istiqamətində mühüm addımdır. Almaniyanın açıq proqram təminatlarının hazırlanması fondu bu qərarı dəstəkləyir. Ölkənin əsas siyasi qüvvələri anlayırlar ki, patentlər sahənin inkişafı üçün böyük problemdir", - fondun əlaqələndiricisi Mattias Kirşner deyib.

Onun sözlərinə əsasən, hazırda Avropa və Almaniyada on minlərlə patentlər kiçik biznes üçün "böyük təhlükə" təşkil edirlər və onlara əlavə xərclər yaradır. Bu gün isə Almaniyanın kiçik biznes assosiasiyası ölkə parlamentinin qərarını müsbət qarşılayıb.

Aynur Vəliyeva




13/06/13    Çap et