Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kaliforniyalı futuroloq: “Azərbaycanda tikiləcək texnoparklar gələcəkdə Silikon vadisi ilə əməkdaşlıq edə bilər”
“Əgər gələcək haqqında düşünməsəniz, əsla bir gələcəyiniz olmaz”- zamanında bu kəlməni avtomobil istehsalçısı, “Ford Motor Company” şirkətinin qurucusu Henri Ford deyib. İlk hesab maşınını icad etmiş fransız dahisi Blez Paskalın fikrinə görə isə “Keçmiş və bu gün bizim üçün vasitələrdir; yalnız gələcək bizim məqsədimizdir”.
Elə məhz gələcəyə baxışlarını müəyyən etmək üçün ölkələr ötən həftə bir araya gəldilər. Hələ ki məchul görünən gələcəyi “işıqlandırmaq” isə ev sahibi kimi Bakının üzərinə düşdü. Azərbaycan Futuroloqlar Cəmiyyəti və “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilən 1-ci Beynəlxalq “Bakı Gələcək Forumu”na ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR kimi 30-a yaxın dövlət qatılıb. “NASA”, ABŞ Milli Elmi Fondu, “Google”, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun və digər tanınmış beynəlxalq ekspertlərin iştirak etdiyi forumda “3D” printer də nümayiş edilib. Printer texnologiyası baxımından son yenilik kimi qəbul edilən “3D” printeri, eləcə də innovativ yeniliklər ilə bağlı “Rabitə dünyası”nın suallarını kaliforniyalı futuroloq Brock Hinzmann cavablandırıb.
Gələcək texnologiyaların “yol xəritəsi”ndən başlayan tədqiqatlar
- Bildiyiniz kimi, Silikon vadisi Kaliforniyada sənaye inqilabının baş verdiyi mühüm yerlərdən biridir. Futuroloq tədqiqatçı kimi həyatımın 35 ilini bu sahəyə həsr etmişəm. İlk tədqiqat işimi ABŞ-da Stenford Universitetində başlamışam. Mən əsas işim olaraq, belə demək olarsa, gələcək texnologiyaların “yol xəritəsi”ni, eyni zamanda ümumi texnoloji inkişafın “cızma-qarası”nı həyata keçirirdim. Bu texnologiyaların bir çoxu təbii ki, istehsalat texnologiyası, lazer və ona aid olan digər texnologiyalardan keçirdi. Təbii ki, Bakıda təqdim olunan hazırkı printer texnologiyası da hələ 80-ci illərdə ilk dəfə meydana çıxanda artıq müştərilərimiz üçün bu texnologiyanı hazırlamağa başladım.
- Təqdim edilən texnologiyanın əsas müəllifi kimdir?
- Bunu kiçik şirkətlər hasil ediblər.
Haşiyə: AMEA İnformasiya Texnologiyaları İnstitutunun məlumatına görə, texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-da Stenford Universitetinin təşəbbüsü ilə yaradılıb. Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hökumətinin sifarişi ilə hərbi sənaye məhsulları istehsal edən şirkətlər yüksək texnologiyalar sahəsində də müəyyən irəliləyişlər əldə etmişdilər.
Ona görə də Stenford Universiteti bu şirkətlərə özünün boş qalmış ərazisində icarə yer vermək qərarına gəldi. Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun formalaşması və elmi parkın yaradılması üçün təxminən 30 il vaxt lazım gəldi. Silikon vadisi bu gün çox məşhur olan “Hewlett-Packard”, “Polaroid”, “Eastman Kodak”, “General Electric”, “Shojkley Transistor”, “Lockheed” kimi şirkətlərin ilkin özünütəsdiq meydanı olub. Buna baxmayaraq, ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması sahəsi çox ləng inkişaf edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin yerləşdiyi 280 hektarlıq ərazi böyüməkdə olan şirkətlərin tələblərinə cavab vermirdi.
Belə olan halda vadinin ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzandı. Həmin illərdə kompüter texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə texnologiyalarının yaradılması və 90-cı illərdə internetin meydana gəlməsi Silikon vadisini sənaye parkı kimi daha da inkişaf etdirdi.
ABŞ-da texnoparkların əsas yüksəlişi 80-cı illərin əvvəllərində hiss olunmağa başlayıb. Bu illərdə Harvard Universiteti və Massaçusets Texnoloji İnstitutu bazaları əsasında yaradılan tədqiqat mərkəzləri, Boston yaxınlığında “495-li yol” texnoloji parkı və s. daha da məşhurlaşdı.
ABŞ-da ən məşhur texnopark Kaliforniya ştatında elmi mərkəzi Stenford Universiteti olan Silikon vadisi və Kremn vadisi texnoparklarıdır. Kompüterlərin və digər məhsulların dünya ixracının təxminən 20 faizi Silikon vadisinin payına düşür. Bu texnoloji park çoxdan yaranmasına baxmayaraq, yeni texnoparklar üçün də etibarlı sayılır.
Mütəxəssislər Silikon vadisinın formalaşmasına həlledici təsir edən üç əsas amil müəyyənləşdiriblər. Bu amillərə ixtisaslı mütəxəssislərin hazırlanmasında dövlət siyasəti; mikroelektronika məhsulunun çoxlu satış bazarının olması və yeni elmtutumlu şirkətlərin yaranması vaxtı innovasiya prosesinin ilk mərhələlərində əsas rol oynayan riskli kapital bazarının olması daxildir.
“Çox istərdim ki, Azərbaycanda bu texnologiyadan istifadə edən şirkət və institutlarla tanış olum”
- Tədbirdə qeyd olundu ki, texnologiya ilk dəfə Azərbaycanda təqdim edilib. Onun təqdimatı bundan əvvəl hansısa ölkələrdə keçirilibmi?
- Əslində, bu, Azərbaycanda yenilik kimi təqdim olundu, amma sonradan bizə deyildi ki, sözügedən texnologiya hazırda burada mövcuddur və bəzi universitetlər artıq “3D” printerindən istifadə edirlər. Mən çox istərdim ki, Azərbaycanda bu texnologiyadan istifadə edən şirkət və institutlarla tanış olum.
- Ümumiyyətlə, texnologiya ölkəmizdə nümayiş etdirilməzdən əvvəl ona daxili bazarda olan ehtiyac, tələbat öyrənilibmi?
- Azərbaycan bazarının bu cihaz üçün ehtiyacları hələ tədqiq edilməyib. Amma bura gəlməzdən əvvəl biz aidiyyəti şəxslərin birindən maraqlandıq ki, belə texnologiya haqqında məlumatınız varmı? O da bazar tələbatını bilmədiyi üçün təbii ki, “xeyr” söylədi.
“Niyə də olmasın?”
- Silikon vadisi dünyanın əsas texnoparklarından biridir. Bildiyiniz kimi, Azərbaycanda da müxtəlif təyinatlı sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilir. Bu baxımdan onların arasında, xüsusən “Yüksək Texnologiyalar Parkı” ilə təcrübə mübadiləsi ola bilərmi? Ümumiyyətlə, Silikon vadisi öz təcrübəsindən çıxış edərək, “Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təmin edilməsi istiqamətində hansı töhfəni verə bilər?
- Niyə də olmasın? Təbii ki, Silikon vadisi ilə Azərbaycanın texnoparkları qarşılıqlı təcrübə mübadiləsi həyata keçirə bilərlər. Həqiqətən də Silikon vadisində bu işlərlə məşğul olan iri kapital şirkətimiz var. Yeni ideyalar olarsa, sırf potensial olan, imkan olan sahələrə Azərbaycanda da tikiləcək texnoparklar gələ və gələcəkdə Silikon vadisində əməkdaşlıq üzərində düşünə bilərlər.
“İnsanlara səhvlərə yol vermək üçün şərait yaratmaq lazımdır”
- Necə hesab edirsiniz, texnologiyalar parkının uğurlu inkişafına nail olmaq üçün hansı tədbirlərin görülməsi daha zəruridir?
- Əslində, insanların düşüncə tərzindən, rəftar və münasibətindən də çox şey asılıdır. Elə bu texnoparkların yaradılmasında da insanlara bir növ şərait yaratmaq lazımdır ki, onlar sözün müsbət mənasında, səhvlərə yol versinlər. Məsələyə o kontekstdən yanaşılmalıdır ki, insan səhvlərindən öyrənir, təcrübə qazanır. Öz təcrübəmizə də nəzər salsaq, Kaliforniyada Silikon vadisində sahibkarlıq ruhu insanlara qabağa getməyə, konkret addımlar atmağa, bəzən səhvlər etməyə, eyni zamanda da bu səhvlərin verdiyi təkanla daha da irəli getməyə imkan verib. Həqiqətən də yüz illər boyu sahibkarlıq ruhu insanları irəliyə doğru addım atmağa sövq edib.
Güzəştlər texnoparklarda ayrı- seçkilik olmadan hamı üçün birmənalı tətbiq olunmalıdır
- Sizin fikrinizcə, innovativ sahibkarlıq üçün vacib olan şərtlər hansılardır? Onlar üçün texnoparklarda hansı üstünlüklərin, güzəştlərin tətbiqini daha vacib sayırsınız?
- Aspektlərdən ən əsası odur ki, dövlət qərarları, verilən güzəştlər texnoparklarda ayrı-seçkilik olmadan, hamı üçün birmənalı tətbiq olunsun. Bu, daha vacib şərtdir. Bundan başqa, digər vacib amilə də toxunmaq istəyərdim. Hesab edirəm ki, texnoparklarda fəaliyyət göstərən şirkətlər üçün binalar daimi təhkim olunmamalıdr. Məsələn, “Google” şirkətinin indiki binası əvvəllər çiyələk zavodu olub, ondan əvvəl də bir başqa müəssisə həmin binada fəaliyyət göstərib. Binaların daim yenilənməsi yeni, innovatorluq meyilləri yaradır.
Həqiqət İSABALAYEVA
15/06/13 Çap et