Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Office 365" ofis paketi "iPhone" smartfonunda əlçatan olub
"iPhone" smartfonlarında "Word", "Excel" və "PowerPoint" sənədlərini redaktə etməyə və onlara baxmağa imkan verən "Office 365" ofis paketi əlçatan olub. "Microsoft" şirkətindən verilən məlumata əsasən, proqram kiçik diaqonallı ekran üçün optimallaşdırılıb və diaqramlar, "SmartArt" qrafikası və animasiyanın dəstəklənməsi sayəsində fayllar orijinallara oxşardır.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, sözügedən tətbiq ödənişsizdir, lakin fayllara giriş üçün "Office 365" abunəsinə malik olmaq lazımdır. Bəzi əsas funksiyalardan (oxumağa davam etmək və ya yaxın vaxtlarda dəyişdirilmiş sənədləri açmaq) istifadə üçün həmçinin "Microsoft Office 2013" quraşdırılmış kompüter və ya noutbuk lazımdır.
Mobil "Office 365" bütün faylları " SkyDrive" "bulud" xidməti vasitəsilə sinxronlaşdırır. İstifadəçi sənədi fərdi kompüter və ya "Surface" planşetində redaktə etməyə başlayaraq onun üzərində aparılan əməliyyatları "iPhone" smartfonunda bitirə bilər.
"Office 365", həmçinin elektron məktuba tikilmiş sənədləri redaktə etməyə imkan verir. Sözügedən tətbiq hələ ki yalnız "App Store" onlayn maqazinin amerika seqmentində əlçatandır. Mobil "Office 365" ofis paketi "iPhone" (4, 4S, 5) smartfonları və 5-ci nəsil "iPod touch" pleyerlərini dəstəkləyir.
Emil Hüseynov
15/06/13 Çap et