Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səudiyyə Ərəbistanı hakimiyyəti “WhatsApp”ı hədələyib


Səudiyyə Ərəbistanı hakimiyyəti “Viber” internet telefoniya xidmətinin ardından yaxın həftələr ərzində “WhatsApp” məşhur mobil messencerinin işini bloklayacağı ilə hədələyib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, bu, sözügedən xidmətin rəhbərliyinin yerli telekommunikasiya tənzimçilərinin tələbini yerinə yetirmədiyi halda baş verəcək.

Xatırladaq ki, hələ bu ilin martında ölkə hakimiyyəti “Skype”, “Viber” və “WhatsApp” kimi internet-telefoniya xidmətləri və onlayn messencerlərinin işini bloklayacağı ilə hədələmişdi. Bu, onların sahiblərinin istifadəçi kontentinin monitorinqi üçün zəruri alətləri təqdim etməyəcəyi halda baş verəcəkdi.

"Biz “WhatsApp” və digər oxşar kommunikasiya platformaları ilə əlaqə saxlayaraq onları Səudiyyə Ərəbistanının telekommunikasiya provayderləri ilə əməkdaşlığa səsləyirik, lakin hələ ki heç bir nəticə əldə olunmayıb" – hakimiyyətin nümayəndəsi Abdulla Əl-Dərrab deyib.

Onun sözlərinə görə, ötən həftə “Viber” əməkdaşlıqdan imtina etdiyi üçün bloklanıb, “Skype” və “WhatsApp”ı da eyni aqibət gözləyə bilər. “WhatsApp” rəhbərliyi razılığa gəlməsə, güman ki, Səudiyyə Ərəbistanı sakinləri iyulun 9-dək xidmətdən istifadə etməkdən məhrum olacaqlar.

Ölkə ərazisində internet istifadəçilərinin sayı təxminən 16 milyon təşkil edir ki, bu da “VoIP” telefoniya xidmətlərinin inkişafına şərait yaradır.

Emil Hüseynov




18/06/13    Çap et