Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzinin formalaşdırılması istiqamətində işlər gedir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi tam fəaliyyətə başlamaq üçün işçilərinin say tərkibinin təsdiqlənməsini gözləyir.
Mərkəzin rəhbəri Faiq Fərmanovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, artıq mərkəzin rəsmi saytı sifariş edilib.
"Sayt üzərində işlər artıq başa çatmaq üzrədir, bununla yanaşı, mərkəzin "qaynar xətt"inin yaradılması istiqamətində işlər aparılır. Tam fəaliyyətə başlamaq üçün mərkəzin işçilərinin say tərkibinin təsdiqlənməsini gözləyirik. Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan informasiya təhlükəsizliyini təmin edən proqram təminatlarının və avadanlıqlarının alınması ilə bağlı dünyanın aparıcı istehsalçı və təchizatçı şirkətləri ilə danışıqlar davam edir",- deyə o bildirib.
İlkin mərhələdə mərkəz informasiya infrastrukturu subyektlərinin intellektual potensialını artırmaq məqsədi ilə maarifləndirmə işinin təşkilini, müvafiq saytın, bukletlərin və digər məlumat daşıyıcılarının tərtib edilməsini nəzərdə tutub. Mərkəzin nəzdində xüsusi "qaynar xətt" də yaradılacaq ki, vətəndaşlar hər hansı problemlə rastlaşdıqda mərkəzə müraciət etsin.
Mərkəzin əməkdaşları bilavasitə yaranan problemləri operativ şəkildə aradan qaldıracaq, eyni zamanda, yarana biləcək problemlərin qarşısını almaq üçün mütəmadi olaraq müəssisələrdə təhlükəsizlik məqsədi ilə audit aparılmasını təmin edəcəklər.
Elektron təhlükəsizlik mərkəzinin səlahiyyətləri yalnız fərdi müəssisələri, təhsil sahəsində fəaliyyət göstərən qurumları və s. əhatə edir. Mərkəzin məqsədi kiberhücumların və təhlükələrin mənbəyinin müəyyən edilməsi üzrə monitorinq sisteminin yaradılmasıdır.
Xatırladaq ki, mart ayında ölkə başçısı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, iki ay ərzində Nazirlər Kabinetinin sərəncamı ilə Mərkəzin işçilərinin say tərkibi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən isə Mərkəzin strukturu və ştat cədvəli təsdiq edilməli idi.
Aynur Vəliyeva
19/06/13 Çap et