Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMPDK innovativ yeniliklərlə tanış olan, kompüter proqramları ilə işləməyi bacaranları işə dəvət edir


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) innovativ yeniliklərlə tanış olan, kompüter proqramları ilə işləməyi bacaran Azərbaycan vətəndaşlarını işə dəvət edir.

Komitədən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, hazırkı dövrdə kompüter proqramları ilə işləmə qabiliyyətinin olması vacib amillərdən biridir. Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) Patent ekspertizası şöbəsində ixtiraya dair iddia sənədlərinin ekspertizasını aparmaq üçün vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Müsahibə üzvi kimya (1 yer), kimya texnologiyası (1 yer), neft mexanika (1 yer), cihazqayırma (1 yer) sahələri üzrə mütəxəssis vəzifəsinə vakant yerlərin tutulması üçün keçirilir: "Yalnız sadalanan sahələr üzrə texnoloji proseslərlə, ixtiralarla, innovativ yeniliklərlə tanış olan, kompüter proqramları ilə işləməyi bacaran, 45 yaşadək olan ali təhsilli şəxslərin sənədləri qəbul olunur. Müsahibədə iştirak etmək istəyənlər bir sıra sənədləri təqdim etməlidirlər. Bu sənədlərə ərizə, şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali və sonrakı təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil aiddir.

Qeyd edək ki, bu sənədlər əsli ilə birlikdə Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (“AzPatent”in) Kadrlar şöbəsinə (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) 2013-cü il iyunun 24-dən iyulun 26-na kimi həftənin iş günləri təqdim edilə bilər".

SEYMUR




20/06/13    Çap et