Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İyunun 24-dən Distant Yay Kompüter Məktəbi fəaliyyətə başlayır


Artıq ənənəvi hal alan Distant Yay Kompüter Məktəbi (DYKP) iyunun 24-dən fəaliyyətə başlayır. Avqustun 31-nə qədər davam edəcək Distant Yay Kompüter Məktəbi ilk növbədə əyani Yay Kompüter Məktəbinin imkanları ilə tanışlıq, istifadəçilərin öz alqoritmik biliklərinin artırılması məqsədi daşıyır.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə "http://www.e-olimp.com/" saytının Azərbaycan bölməsindən məlumat verilib. DYKP-nin qapalı qrupuna qəbul sözügedən sayt vasitəsilə aparılıb.

Saytdan bildirilib ki, məşğuliyyətlər demokratik və konkret vaxta bağlanmamaq şərtilə keçiriləcək. Distant Yay Kompüter Məktəbi "Hər kəs istirahət hüququna malikdir!" devizinə əsaslanır: "DYKP-yə qəbul üçün ilk növbədə yay fəslində öz üzərində işləmək və platformada ən azı 100 məsələni həll etmək həvəsi vacibdir. DKYP-də iştirak etmək istəyən istifadəçi profilində saxta deyil, özü ilə bağlı məlumatların əslini yerləşdirməlidir.

Bu bəndlərə riayət edən istifadəçinin şəxsi məlumatları "awpris" niki qrupuna yönəldiləcək". Saytdan qeyd edilib ki, ikinci bəndin - 100 məsələnin həlli ilə bağlı şərtin tətbiqində mühazirəçilər və ya sayt rəhbərliyinin tövsiyələri əsasında istisnalar da mümkündür. Digər qaydalar və şərtlər isə qrupda elan ediləcək. DLKŞ-2013 rəhbərliyi qeyri-aktiv iştirakçıları heç bir səbəb və izahat olmadan qrupdan çıxartmaq hüququnu özündə saxlayır. Digər iştirakçılar üçün sərbəst girişdə qalan Yay Kompüter Məktəbi üzrə "YKM üzrə 9 burumlu spiral" adlı açıq marafon da keçirilir.

Marafona qoşulmaq, fasilə götürmək və ya ondan çıxmaq hər bir iştirakçının sərbəst seçiminə əsaslanacaq. Açıq marafon artıq mayın 1-dən başlayıb. Müsabiqələr başa çatdıqdan sonra tapşırıqlar ictimaiyyət üçün açıq olaraq qalacaq.

Ümumilikdə turnir DYKP-nin əsas qaydalarına uyğun olaraq, "Ən yaxşı həll" üzrə yekunlaşacaq. Bu halda məsələnin həllinə başlama vaxtı ümumi nəticəyə təsir etməyəcək. Distant Yay Kompüter Məktəbinin qapalı hissəsi isə 2013-cü ilin sentyabrından etibarən tədricən hər kəs üçün açıq olacaq:

"Biz bir daha qeyd edirik ki, imkan daxilində "Hər kəsin istirahət hüququ var!" qaydasına maksimum əməl ediləcək, xüsusilə də yayda. Bu müddətdə açıq hissədə hər bir müsabiqə tam bir sutka (Kiyev vaxtı ilə 06:00-dan növbəti sutka 06:00-a qədər) davam edəcək. Müsabiqələr bitdikdən sonra məsələlər istifadəyə açıq olacaq. Eyni zamanda biz saytın idarəçilərinin mövqeyini hər kəsə çatdırırıq. Bizim dərin qənaətimizə görə, heç bir distant məktəb qiyabi YKM-ni əvəz edə bilməz. Buna görə də biz hər kəsə israrla tövsiyə edirik: istəyə bağlı olaraq və imkan daxilində qiyabi YKM-lərin birində mütləq iştirak edin. YKM-də iştirakla sizin alqoritmik inkişaf səviyyənizin artmasına zəmanət verilir".

Qeyd edək ki, Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi (TİMS) və BDU-nun dosenti Ramin Mahmudzadənin rəhbərliyi ilə sözügedən saytın artıq Azərbaycan dilində lokalizasiyası da aparılıb.

Hazırda "http://www.e-olimp.com" saytının 4 dilindən biri də Azərbaycan dilidir. Saytda proqramlaşdırma ilə məşğul olmaq istəyənlər üçün məsələlər Azərbaycan dilinə tərcümə edilərək yerləşdirilib. Özlərini sınamaq istəyən şagirdlər məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb sayta göndərə bilərlər.

Saytda mövcud olan yoxlama sistemi vasitəsilə məsələlərin düzgün və ya səhv həll olunması barədə məlumat əldə etmək mümkündür.

Həqiqət İSABALAYEVA




20/06/13    Çap et