Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsa Həbibbəyli: “AMEA Ədəbiyyat İnstitutunda yüksək İT biliklərinə malik mütəxəssislərə, gənc kadrlara böyük ehtiyac var”


Azərbaycanda ədəbiyyat elminin inkişafında da müasir informasiya texnologiyaları, internetin yaratdığı imkanlardan geniş istifadə olunmalıdır. AMEA Ədəbiyyat İnstitutunda yüksək İT biliklərinə malik mütəxəssislərə, gənc kadrlara böyük ehtiyac var.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib. İnstitutun saytının müasir tələblərə uyğun yenidən işlənməsinin vacibliyini qeyd edən akademik elmlə təhsilin vəhdətindən də söhbət açıb. Akademik Ədəbiyyat İnstitutunda ali məktəblərdən birinin baza kafedrasının təşkilinin məqsədəuyğunluğunu bildirərək, bu kimi addımların innovativ təfəkkürlü, geniş dünyagörüşünə malik gənc nəslin formalaşmasında, dünyaya inteqrasiyasında mühüm rol oynadığını bildirib:

"Ədəbiyyatımız müstəqil dövlətimizin ideologiyasının inkişafına öz töhfəsini verməlidir. Dünya təcrübəsi göstərir ki, qarşılıqlı davamlı əlaqələrin yaradılması dinamik inkişafın təminatıdır".

İ.Həbibbəyli institutda ediləcək struktur dəyişiklikləri, şöbələrin tərkibində sektorların təşkili, kadr islahatlarının aparılması, istedadlı gənclərin elmi müəssisəyə cəlb edilməsi, institutun elmi nəşrlərinin fəaliyyətinin yüksək səviyyədə təşkili, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərindən də danışaraq bütün bu tədbirlərin institutun innovativ fəaliyyətinin təşkili üçün önəmli olduğunu bildirib.

Həqiqət İSABALAYEVA




21/06/13    Çap et