Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitəçi idmançı dünya ikincisi olub



 Bu ilin may ayının 26-dan iyunun 2-nə kimi Yunanıstanın Afina şəhərində Şərq döyüş sənətlərindən olan «Hap Ki Do» üzrə  dünya çempionatı keçirilib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, çempionatda dünyanın 38 ölkəsindən 1600-ə yaxın idmançı öz gücünü sınayıb. Azərbaycanı bu yarışda «Hap Ki Do»  Federasiyası 21 idmançı ilə təmsil edib. Komandamız  9 qızıl, 5 gümüş, 3 bürünc medal qazanıb. 38 ölkə arasında I yerə Çexiya, II yerə Azərbaycan, III yerə isə Yunanıstan çıxıb. Azərbaycan idmançılarının sırasında döyüşlərə çıxan rabitəçi, Nizami Telefon Qovşağı, ATS 323-ün avtovağzal mühəndisi Nuriyev Rəşad Valeh oğlu dünya üçüncüsü olub.

R.Nuriyev bildirib ki, ilk döyüşünü  Yunanıstan idmançısı ilə keçirib. Rəqibini asanlıqla məğlub edən idmançımız ikinci döyüşdə xorvatiyalını tam üstünlüklə məğlub edərək final mərhələsinə çıxıb. Lakin sonda türkiyəli döyüşçü ilə qarşılaşmada xal hesabı ilə uduzub.

İdmançımızın həm şəxsi treneri, həm də Azərbaycanın «Hap Ki Do»  üzrə yığmasının baş məşqçisi Müşfiq Hüseynov isə bildirib ki, yarışın ümumi nəticələri ürəkaçan olub:

«Rəşad da çox yaxşı döyüşdü. Lakin idman şansı gətirmədi və finalda uduzdu. Bununla da gümuş medalın sahibi oldu. Yarışa qatılmağımızda dəstək göstərdiyinə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə  federasiyamız adından təşəkkürümüzü bildiririk». Məşqçi əlavə edib ki, bu, R.Nuriyevin ilk uğuru deyil. Buna qədər idmançımız 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında Avropa çempionu adını qazanıb. Bundan başqa, 2012-ci ildə Yunanıstanın Selaniki şəhərində keçirilən yarışda dünya çempionu titulunu əldə edib.

SEYMUR


 




24/06/13    Çap et