Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet şəbəkəsindəki gizli reklamlar qadağan olunacaq



 
Azərbaycada internet məkanında olan reklamların tənzimlənməsi üçün qanun layihəsi hazırlanır. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, burada söhbət gizli  reklamlardan gedir və şəbəkədə onların sayının hədsiz çox olduğu bildirilir.

Qeyd edək ki, sözügedən qanunla ölkədə gizli və qadağan hesab olunan reklamların təsnifatı müəyyənləşdiriləcək. Belə ki, yeni hazırlanan “Reklam haqqında” qanun layihəsinin 8.1-ci maddəsinə görə, televiziya və radio verilişlərində, kino, audio və videomateriallarda, internet şəbəkəsində, çap məhsullarında, malların qablarında və qablaşdırma materiallarında yerləşdirilərək, əmtəə istehlakçısına reklam qismində təqdim edilmədən, müxtəlif üsullarla, görüntülər vasitəsilə onun şüuraltına təsir göstərilməsi gizli reklam sayılır.

Eyni zamanda, televiziya proqramlarında, video, kino və çap materiallarında əmtəə nişanının texniki üsullarla örtmədən göstərilməsi də gizli reklam hesab olunacaq. Bundan başqa, sözügedən qanun layihəsində o da vurğulanıb ki, reklam daşımayan televiziya və radio proqramlarında, çap materiallarında dinləyicilərin, tamaşaçıların, oxucuların diqqətinin konkret əmtəəyə “reklam”, yaxud “reklam hüququ əsasında” qeydi olmadan yönəldilməsi gizli reklam kimi qəbul edilir.

Bu qanun layihəsi bütün hallarda gizli reklamlara qadağanı özündə ehtiva edir. Qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Hesab olunur ki, bu sahə ilə bağlı cəmiyyətin böyük əksəriyyəti tənzimlənmənin tərəfdarıdır. Çünki yeri gəldi-gəlmədi, reklam xarakterli məlumatlarla şüura təsir edilərək, dinləyicini, oxucunu əsas məqsəddən yayındırır, onu yorur və gizli, məqsədli şəkildə müəyyən bir əmtəə reklam edilir. Bu da yolverilməz hesab olunur.


SEYMUR




24/06/13    Çap et