Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Son ildə fişinq “qurban”larının sayı 87% artıb


“Kasperski Laboratoriyası”nın məlumatına əsasən, son ildə fişinq hücumları ilə üzləşmiş internet istifadəçilərinin sayı 87% artaraq 37,3 milyon olub. Əksər hallarda Rusiya, ABŞ, Hindistan, Vyetnam və Böyük Britaniya vətəndaşları sözügedən kibertəhlükənin “qurban”ı olurlar.

Fişinq – cinayətkarların populyar saytın (elektron poçt xidməti, internet-bank, sosial şəbəkə və s.) saxta surətini yaratmağa çalışdıqları internet-fırıldaqçılıq sxemidir və internet istifadəçilərini müxtəlif üsullarla ona cəlb etməyə çalışırlar. Fişinq hücumlarının hədəfi zəruri istifadəçi məlumatlarını (fərdi məlumatlar, sosial şəbəkə hesablarına və bank xidmətlərinə giriş üçün informasiya) ələ keçirməkdir. Son nəticədə cinayətkarlar ya “qurban”ın pulunu oğurlamaq, həmçinin spam və zərərli proqram təminatının yayılması üçün əldə edilmiş məlumatları özləri istifadə edir, ya da informasiyanı digər cinayətkarlara satırlar.

Fişinq hücumları uzun müddət poçt spamı üçün tipik təhlükə növü olub. Lakin tədqiqat məlumatlarına əsasən, fişinq hücumlarının ölçüsü elə bir miqyasa çatıb ki, onlara ayrıca təhlükəli təhdid kimi baxmaq lazımdır.

Təhlilin yekununa əsasən məlum olub ki, 2012-2013-cü illər ərzində gündəlik fişinq hücumlarına 102,1 min istifadəçi məruz qalıb və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Fişinq səhifələrinin yerləşdiyi serverlərin əksəriyyəti ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Hindistan ərazilərində qeydə alınıb. Eyniləşdirilmiş unikal hücum mənbələrinin 57%-i cəmisi 10 ölkənin ərazisində yerləşir. Bu halda sözügedən hücum mənbələrinin sayı 3 dəfədən çox artıb.

Cinayətkarların əsas hədəfi “Yahoo!”, “Google”, “Facebook” və “Amazon” populyar internet resursları olub. Fişinq hücumlarının 30%-dən çox hissəsi bu resursların payına düşüb. Eyni zamanda sözügedən hücumların 20%-dən çoxu bank və digər maliyyə-kredit təşkilatlarına qarşı həyata keçirilib.
 
Emil Hüseynov
 
 
 
 
 




24/06/13    Çap et