AMEA-nın prezidenti: “Azərbaycanda İKT-nin inkişaf etdirilməsi siyasəti düzgün istiqamətdə köklənmişdir”
Azərbaycanda İKT-nin inkişaf etdirilməsi siyasəti düzgün istiqamətdə köklənmişdir. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Qloballaşma prosesləri və Azərbaycan elmi" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Rusiya, Ukrayna, Litva, Polşa, Yunanıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdən görkəmli alimlərin iştirak etdiyi konfransda elmi nəşrlərin sərgisi təşkil olunub. "Heydər Əliyev Azərbaycan elminin keşiyində" adlı ikicildlik sənədlər toplusu konfrans iştirakçılarının böyük marağını cəlb edib.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, tədbirin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyil: "Müasir Azərbaycanın hərtərəfli inkişaf aspektlərini hər zaman təhlil edərkən ulu öndərin həyat fəaliyyətinə müraciət etmək lazım gəlir. Heydər Əliyev dühası kəşməkəşli 90-cı illərdə Azərbaycan elmini yaranmış təhlükələrdən xilas etmiş, sonra isə dünyanın elm məkanına inteqrasiya olunmasında və qloballaşmasında həlledici rol oynamışdır". AMEA-nın prezidenti qloballaşmanı dünyanın informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinə əsaslanan yeni inkişaf mərhələsi kimi qiymətləndirib. O, qloballaşma və inteqrasiyanın məhz İKT imkanları nəticəsində mümkün olduğunu da qeyd edib. Akademik əlavə edib ki, Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, beynəlxalq elmi əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsindən bilavasitə asılıdır: "Dövlət başçısının sərəncamı əsasında 2015-ci ilədək 5 min gəncin xarici ölkələrə təhsil almaq və təcrübə qazanmaq üçün göndərilməsi nəzərdə tutulur. Bu proses uğurla həyata keçirilməkdədir". Akademik ölkə başçısının sözlərini xatırladaraq qeyd edib ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir: "Bu çağırış Azərbaycan elminin indiki şəraitdə strateji inkişaf hədəfini müəyyən edir".
Beynəlxalq tədbirdə Türkiyənin İstanbul Kültür Universitetinin rektoru, professor Sıddıka Demir, Rusiyanın Ural Federal Universitetinin kafedra müdiri, professor Aleksandr Nesterov, Ukrayna Milli Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, Kapodistri adına Afina Milli Universitetinin Bizans tarixi və arxeologiya kafedrasının professoru Katerina Nikolau çıxış ediblər. Qonaqlar AMEA ilə əməkdaşlıq əlaqələrindən, Azərbaycandakı müasir inkişaf tempindən bəhs etmiş, konfransa qatılmaqdan məmnun olduqlarını bildiriblər. AMEA-nın ən yaşlı alimi, akademik İsmayıl İbrahimovun çıxışı xüsusi maraqla qarşılanıb. Belə ki, 98 yaşlı alim akademiyanın böyük bir tarixinin şahidi olduğunu bildirib, ulu öndər Heydər Əliyevin Azərbaycan elminə qayğılarından danışıb. O, elmimizin hazırkı inkişafını ümummilli liderin qoruyub saxlamış olduğu AMEA-nın fəaliyyətinin müasir mərhələsi hesab edib.
Elmi konfrans öz işini
Milli Azərbaycan Tarixi və Milli Azərbaycan Ədəbiyyatı muzeylərində,
Fizika İnstitutunda elmin müxtəlif istiqamətli mövzuları ilə "dəyirmi masa"larda davam etdirib. Konfrans çərçivəsində AMEA-nın institutları və muzeylərində işgüzar görüşlər həyata keçirilib, ikitərəfli əməkdaşlıq müqavilələri imzalanması, Bakının tarixi və mədəni abidələri ilə tanışlıq baş tutub.
Həqiqət İSABALAYEVA