Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda bütün təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsinə başlanılıb
Səhiyyə sistemində elektron xidmətlərin tətbiqini genişləndirən Səhiyyə Nazirliyi paytaxtın bütün təcili tibbi yardım briqadalarının planşetlərlə təmin edilməsinə start verib. Məqsəd Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) daxil olan çağırışlarla bağlı məlumatların daha tez ötürülməsi və nəticədə briqadanın hadisə yerinə daha tez çatmasına dəstək verməkdir.
Nazirlikdən bildirilib ki, çağırış haqqındakı məlumat kompüterə daxil edildikdən sonra həmin məlumat ərazidən asılı olaraq, birbaşa aidiyyəti həkimə və ünvana ən yaxın yerdə olan briqadaya ötürülür. Bu mobil cihaz briqadaya yanlış məlumatların ötürülməsinə də imkan vermir.
Bundan başqa, çağırışların elektron qeydiyyatı aparıldıqda vahid məlumat (verilənlər) bazası da yaradılır. Pasiyentlər barədə məlumatlar daim yaddaşda qaldığı üçün istənilən zaman həmin məlumatların təkrar istifadəsi mümkündür. Artıq BŞTTTYS-nin təcili tibbi yardım maşınlarının 70 faizi planşetlərlə təmin olunub.
Həqiqət İSABALAYEVA
24/06/13 Çap et