Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya Bankı RİTN-lə 3 istiqamət üzrə əməkdaşlıq etmək istəyir


 Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının İKT sektorunun meneceri Randip Sudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. RİTN-in şöbə müdirlərinin, birlik və müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə Azərbaycanda həyata keçirilən İKT layihələrdən söz açılıb.

R.Sudan ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. Dünya Bankının İKT sektoru ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan qonaq bununla bağlı böyük təcrübələrinin olduğunu önə çəkib. R.Sudan Dünya Bankının Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: «Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və "elektron hökumət" quruculuğundan ibarətdir. Biz hesab edirik ki, Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq».

RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov ölkəmizin sektor üzrə  əldə etdiyi təcrübə və görülən işlərlə bağlı qonaqları məlumatlandırıb. Azərbaycanda "elektron hökumət" quruculuğu istiqamətində geniş işlər görüldüyünü, artıq bir çox dövlət xidmətlərinin elektronlaşdırıldığını və əhalinin istifadəsinə verildiyini qonaqların diqqətinə çatdırıb.

Sonra birlik və müəssisələrin rəhbərləri həyata keçirilən işlərlə bağlı geniş məlumat verərək Dünya Bankı ilə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.

SEYMUR
 
 
 




24/06/13    Çap et