Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-in “İKT üzrə kadr hazırlığı proqramı” çərçivəsində 200-dən artıq kadr hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində istedadlı azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində İKT ixtisasları üzrə təhsil almalarına dəstək verilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ında dərc olunan məlumata görə, proqram çərçivəsində 1204 tələbə xaricdə təhsil almaq hüququ qazanıb və hazırda 23 ölkənin 200-dək universitetində 853 nəfər təhsil almaqdadır.
Ümumiyyətlə, Azərbaycan universitetlərində hər il İKT ixtisası üzrə 2000 mütəxəssis hazırlanır. Хаrici ölkələrin universitetlərində İKT üzrə milli kadrların hazırlanması məqsədilə isə 2007-ci ildə RİTN-də ölkənin aparıcı İT şirkətlərinin iştirakı ilə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları fondu” yaradılıb.
Fondun “İKT üzrə kadr hazırlığı proqramı” çərçivəsində 200-dən artıq tələbə hazırlanıb, 49-u hal-hazırda təhsilini davam etdirməkdədir. İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın 5 tanınmış informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanıb. Bu təhsil müəssisələrinə ABŞ-ın Corc Meyson, San-Xose, Los-Anceles, Kaliforniya, İsveçin Çalmers universitetləri daxildir.
Bundan başqa, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb. Universitetdə 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılması nəzərdə tutulur.
Eyni zamanda xaricdə kadr hazırlığı istiqaməti üzrə kosmik texnologiyaların ölkə üçün yeni sahə olması ilə əlaqədar 35 nəfər gənc mütəxəssis peyklərin idarə olunması üzrə ABŞ, Fransa, İngiltərə, Çin, Malayziyada uzunmüddətli kurs və təlimlər keçib. Rabitə işçilərinin yeni texnologiya və xidmətlərdən istifadə bacarıqlarının artırılması üçün il ərzində 3325 rabitəçi ixtisasartırma kurslarında iştirak edib.
Həqiqət İSABALAYEVA
25/06/13 Çap et