Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində çip texnologiyasının qurulması üzrə işlərə başlanılacaq


Azərbaycanda nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində işlərin mərkəzləşdirilmiş qaydada aparılması üçün Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2008-ci il 23 sentyabr tarixli 228 nömrəli qərarı ilə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb.

Hesabat dövründə mərkəzdə nanotexnologiyalar üzrə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya yaradılıb. Laboratoriyada nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər aparılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, hazırda laboratoriyada yüksək təmizliyə malik karbon nanostrukturları sintez olunub, möhkəmliyi dəfələrlə artırılmış nanokompozitlər alınıb, rəngli və ağ işıq mənbələrinin (işıq diodları) prototipləri hazırlanıb, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınıb və xassələri tədqiq olunur.

Nanohissəciklərin ölçüləri 50 nm olan maqnit nanomaye alınıb. Hazırda mərkəzdə istifadə olunan avadanlıqlar nanoelektronika üçün yararlı olduğundan aparılan tədqiqatların keyfiyyətinin artırılması və daha yüksək nəticələrin alınması üçün çip texnologiyasının qurulması üzrə işlərə başlanılması nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA





27/06/13    Çap et