Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Odlar Yurdu Universitetində “Microsoft”un İT Akademiyası açıldı


Bu gün  Odlar Yurdu Universitetində "Microsoft" İT Akademiyasının açılışı olub. İT Akademiyanın əsas məqsədi şirkətin məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Spesialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate"  ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə universitetin rektoru Əhməd Vəliyev  tədris ocağının son illər ərzində İT sahəsi üzrə mütəxəssislər hazırladığını bildirib.

"Odlar Yurdu Universiteti informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük önəm verir. Biz hazırda elektron kitabxananı təkmilləşdiririk və PDF formatında bir sıra tədris vəsaitlərini kitabxanaya yükləyirik. Bu istiqamətdə işlər başa çatmaq üzrədir",- deyə o bildirib. "Microsoft" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov təhsil sektorunun şirkət üçün çox önəmli olduğunu bildirərək yaxın zamanda  digər ali təhsil ocaqlarında da İT akademiyalarının yaradılmasının nəzərdə tutulduğunu bildirib.  Tədbir çərçivəsində memorandum imzalanıb. Memorandumun şərtlərinə əsasən, "Microsoft Dream Spark" layihəsinə start veriləcək. Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.
"Microsoft"un təhsil layihələri üzrə  meneceri Emin Axundov  imzalanan memorandumun 4 bənddən ibarət olduğunu bildirib.

"Artıq tələbələr "Microsoft"un bütün yenilikləri haqda universitetdə məlumat alacaqlar və əlavə kurslara getməyə ehtiyac olmayacaq. Bununla yanaşı, universitetdə təhsil alan tələbələr 40-a yaxın kursa yazıla bilər. Hər bir tələbənin fərdi tələbə e-maili olmalıdır ki, bu "Office 365" xidməti  vasitəsilə reallaşdırılacaq və  müəllimlərlə tələbələr bu elektron poçt vasitəsilə bir-biri ilə ünsiyyət qura biləcəklər. Eyni zamanda,  bütün tələbələr lisenziyalı proqram təminatlarından pulsuz istifadə edə biləcəklər. Bununla da şirkət tələbələrin pirat proqramlardan istifadə etmək ehtiyacının qarşısını alacaq və onlara müəllif hüquqlarını qorumaq vərdişi aşılanacaq".


Aynur Vəliyeva
 




27/06/13    Çap et