Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu ilin may ayında poçt trafikində spamın payı 69,7% olub
"Kasperski Laboratoriyası"nın məlumatlarına əsasən, bu ilin mayında poçt trafikində spamın payı 2,5% azalaraq 69,7% olub. Aprellə müqayisədə fişinq məktublarının payı cüzi artıb. Elektron məktubların 2.8%-ni zərərli fayllar təşkil edib ki, bu da ötən ayın göstəricisindən 0,4% çoxdur.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2013-cü il may ayının yekununa görə spam məktublarının yayılmasında ilk üç ölkənin mövqeyi dəyişməz olaraq qalıb. Çin əvvəlki kimi liderdir, göndərilən spamın 21.4%-i onun payına düşür ki, bu da ötən ayın göstəricisindən 2,5% azdır.
Göndərilən spamın 16.3%-i ABŞ-ın payına düşür. Cənubi Koreya üçüncü olub: bu ölkədən göndərilən spamın həcmi may ayında artaraq 12% olub. Qlobal spamın təxminən 50%-i bu üç ölkənin payına düşür.
Tayvan (5,9%) və Vyetnam (5%) müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar. 4,8% spam payına malik Ukrayna altıncı olub.
Asiya (56,1%) regionlar arasında may ayında spam göndərilməsində lider olaraq qalıb. Ötən ayla müqayisədə adıçəkilən regionun payı 0,4% artıb. İlk üçlükdə, həmçinin Şimali Amerika (18,1%) və Şərqi Avropa (14,6%) yer alıb.
Emil Hüseynov
27/06/13 Çap et