Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkənin İT sektorunda istehsal ilbəil artır
Ölkədə İKT infrastrukturunun inkişafı və genişləndirilməsi ilə yanaşı, hökumət tərəfindən İT istehsalına və tətbiqinə də xüsusi diqqət yetirilir. Bu sahədə inkişaf üçün ölkədə əlverişli biznes şərtləri və investisiya mühiti mövcuddur. Azərbaycanın İKT sektorunda yalnız xidmət sektorunda deyil, kompüter və elektron avadanlıqların istehsalı üzrə də inkişaf vardır.
Son 5 il ərzində ölkənin İT sektoru təqribən 2 dəfə genişlənib və orta illik artım tempi 17% təşkil edib ki, bu da İKT sektoru üçün yüksək göstəricidir. 2012-ci ildə ölkənin İT sektoru əvvəlki illə müqayisədə 8.6% artıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İllik hesabat"ında dərc olunan məlumata görə, İT sahəsində artım elektron və telekommunikasiya avadanlıqlarının və onların hissələrinin topdansatışında 54,8%, elektron və radioelementlərin istehsalında 14,2%, kompüterlərin, kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdansatışında 15.3% olub.
Ölkənin İT sektorunda istehsal sahəsi ilbəil, daha da artmaqdadır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 30.6%, xidmət-ticarət sahəsinin isə 69.4% təşkil edir. 2008-ci ildə isə bu nisbət müvafiq olaraq 20.5% və 79.5% olub. İT sektoru üzrə gəlirlərdə dinamik artımın müşahidə olunmasına baxmayaraq, bu sahənin ölkənin İKT sektorunda xüsusi çəkisi hələ də aşağıdır. Lakin bu nisbət ilbəil artmaqdadır və 2011-ci illə müqayisədə bu nisbət 8.5%-dən 9.0%-ə yüksəlib. Bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir, ölkənin İT şirkətləri yerli layihələrlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində layihələr icra edir. Azərbaycanda istehsal olunan kompüterlər və elektron avadanlıqlar region bazarlarına ixrac olunur.
İT sahəsi üzrə perspektivlərə gəlincə, Azərbaycanda İKT-nin iqtisadi sektor kimi inkişafında ixrac potensialının genişləndirilməsi və sektora yeni investisiyaların cəlbi gələcək planlarımızın əsas hissəsidir. Bu istiqamətdə məqsəd ölkəni regionun əsas informasiya xidmətləri ixracatçısına çevirməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə RİTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Fondun yaradılmasının əsas məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyi ilə təmin edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən ibarətdir. Fond sahəyə xarici investorların cəlb edilməsi istiqamətində mühüm işlər aparmağı hədəfləyir.
Hazırda Fondun fəaliyyətinin hüquqi və təşkilatı bazasının yaradılması üzrə işlər yekunlaşmaq üzrədir. İT zonalarının yaradılmasına gəldikdə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə "Yüksək Texnologiyalar Parkı" və parkın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə RİTN-in tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. Parkın fəaliyyətinin əsasını resurs mərkəzlərinin yaradılması, kiçik və orta innovativ biznesin inkişafı, ixrac imkanlarının artırılması və İKT mütəxəssislərinin hazırlanması kimi vacib layihələrin həyata keçirilməsi təşkil edəcək. "YT Park" İT, telekommunikasiya və digər sahələrdə tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üzrə fəaliyyət göstərəcək və zəruri infrastruktura, maddi-texniki bazaya və idarəetmə qurumuna malik olacaq.
Hazırda fərmana uyğun olaraq, parkın yaradılması üzrə müvafiq işlər görülməkdədir. Ölkəmizdə "Yüksək Texnologiyalar Parkı"nın yaradılması İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla iqtisadiyyatımızın, xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliyinin yüksəldilməsinə öz töhfəsini verəcək.
Həqiqət İSABALAYEVA
28/06/13 Çap et