Xarici sərmayələrin qlobal axını 2012-ci ildə 18% azalıb
Birbaşa xarici sərmayələrin qlobal axını 2012-ci ildə 2011-ci illə müqayisədə 18% azalıb və 1,35 trilyon dollar təşkil edib.
“ICTnews” xəbər xidmətinin “
www.cybersecurity.com” saytına istinadən verdiyi məlumata əsasən, belə tendensiya ilk növbədə makroiqtisadi qeyri-stabillik və siyasi qeyri-müəyyənliklə bağlıdır.
Dünya investisiyaları haqda hesabatda bildirilir ki, 2012-ci ildə inkişaf edən ölkələr ilk dəfə böyük həcmdə birbaşa xarici sərmayələri inkişaf etmiş ölkələrdən çox cəlb ediblər. Onların payına qlobal sərmayə axınının 52%-i düşür. İnkişaf edən ölkələrdən xarici sərmayələrin cəlb edilməsi 426 milyard dollar təşkil edib. Afrikadan xarici sərmayələrin axını, demək olar ki, üç dəfə artıb. Ən iri sərmayədarlar sırasında Çin qərarlaşır. O, ABŞ və Yaponiyadan sonra üçüncü yerdə mövqeyini möhkəmləndirib.
İnkişaf etmiş ölkələrə xarici sərmayələrin axını 32% azalaraq, 10 il bundan öncəki səviyyəyə, 561 milyard dollaradək düşüb.
“UNCTAD”-ın hesabatında bildirilir ki, “İpək yolu” ölkələrinə birbaşa xarici sərmayələrin axını əhəmiyyətli dərəcədə artıb. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana 2009-2012-ci illərdə xarici sərmayələrin həcmi 2000-2005-ci illərlə müqayisədə 6 dəfədən çox artıb.
Bu region, neft, qaz və hidroenerjini daxil etməklə, əhəmiyyətli enerji resurslarına malikdir. Hesabatın müəllifləri regionda xidmət sahəsinə, dəmiryol və avtomobil layihələrinə böyük sərmayələrin qoyulduğunu bildirib.
Aynur Vəliyeva